Güneyli siyasi məhbuslar Davud və Əyyub Şiri azadlığa buraxılıb
İyunun 12-də 6 aylıq həbs müddətinin tətbiqi üçün həbs edilən Davud və Əyyub Şiri qardaşları avqustun 23-də həbs müddətinin bitməsilə Təbriz həbsxanasından azadlığa buraxılıb.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, siyasi məhbuslar Davud və Əyyub Şiri daha öncə nəzarətdə qaldıqları müddətin birləşdirilməsi ilə həbs müddətinin bitməsi nəticəsində Təbriz həbsxanasından azadlığa buraxılıb. Təbrizli siyasi məhbuslar həbsdə saxlanılırkən onlara qarşı qaldırılan yeni məhkəmə iddiası üçün 100 milyon tümənlik mülki zəmanət girov qoyularaq, məhkəmə qərarına qədər müvəqqəti olaraq azadlıqda olacaqlar.
İranda 2019-cu ilin noyabr ayında benzin qiymətinin hökumət tərəfindən qəfildən 3 dəfə artması ardından baş tutan ölkə boyu hökumət əleyhinə nümayişlər zamanı Təbrizdə bir çox milli fəal o cümlədən Əyyub və Davud Şiri təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. İran Azərbaycanında həbs edilənlərin bir çoxu heç bir aksiyada iştirak etmədən öz iş yerlərində və ya evlərində həbs edilib, nəzarət altına alınmışdılar.
Şiri qardaşlarına qarşı qaldırılan yeni iddiada onlar “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup təşkil etmək” ittihamı ilə üzləşiblər. HRA xəbər agentliyinin yaydığı məlumata görə, iki siyasi məhbus qanunsuz qrupa üzv olmaq ittihamı ilə cəzalarını çəkdikləri zaman bu ittihamla üzləşib.
Davud və Əyyub Şiri iyun ayında Təbriz həbsxanasından Təbrizin Ümumi və İnqilab Prokurorluğuna aparılaraq, yeni qaldırılan iddi ilə bağlı ittihamlar barədə məlumatlandırılıblar.
VOA