Güneyli siyasi məhbus Siyamək Mirzayi azadlığa buraxılıb
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, Tehranın Evin həbsxanasında saxlanılan güneyli siyasi məhbus Siyamək Mirzayi sentyabrın 2-də 3 aylıq məzuniyyətə buraxılıb.
Mirzayi 1 il 10 gün həbs müddətindən erkən azadlığa buraxılıb və qalan 90 gününü həbsxanaya dönmədən başa vuracaq.
Mirzayi “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə təqsirləndirilərək bir il həbs cəzasına məhkum olunmuşdu. Onun həbs cəzası, ilkin məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayətdən sonra 10 gün daha uzanaraq, 1 il 10 günə artırılmışdı.
Siyasi məhbus öncəki məhkəmə dosyesindən aldığı 3 il həbs cəzasını çəkdiyi zaman aclıq aksiyası keçirmişdi. O, məhkəmə sisteminə ünvanladığı açıq məktubun yayımlanmasından sonra “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə üzləşərək bir illik həbsə məhkum olmuşdu.
Güneyli siyasi fəal Qain şəhərində sürgündə olduğu zaman Tehranın İnqilam Məhkəməsi Mirzayini yeni ittiham üzrə təqsirli bilib, onun bir il həbsinə qərar verib, iki il müddətinə ölkədən çıxmasına qadağa qoyub, ictimai fəaliyyətlərdən məhrum etmişdi.
Siyamək Mirzayi keçən il iyulun 12-də sürgün cəzasının bitməsilə sakini olduğu Ərdəbil şəhərinə qayıdıb. Lakin dekabr ayının 28-də təkrar təhlükəsizlik qüvvələrin tərəfindən tutularaq, 1 illik həbs cəzasının tətbiqi üçün Evin Həbsxanasına köçürülmüşdü.
İranda türklərin ana dillərində təhsil haqqını tələb edən siyasi fəal 2016-ci ilin iyul ayında Muğanda təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq Tehran vilayətinin Baharistan İnqilab Məhkəməsi tərəfindən 10 il həbs və iki il sürgün cəzasına məhkum edilmişdi. Apellyasiya Məhkəməsi isə, daha sonra Mirzayinin hökmünü 3 il həbs və bir il sürgünə endirmişdi.
VOA