Güneyli siyasi məhbus Səccad Şəhiri məzuniyyətə buraxılıb
İran Azərbaycanın Sulduz (Nəğədə) Şəhirinin həbsxanasında saxlanılan Səccad Şəhiri məzuniyyətə buraxılıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, aprelin 12-də Sulduz həbsxanasında saxlanılan siyasi məhbus Səccad Şəhiri girov müqabilində aprelin 14-ə dək məzuniyyətə buraxılıb.
Səccad Şəhiri aprelin 3-də məhkəməyə müraciət etdikdən sonra həbs edilib və 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz həbsxanasına köçürülmüşdü.
Şəhiri məhkəmə dosyesinin ilk mərhələsində Sulduzun 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsinin sədri hakim Əmir Kiyumərsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.
Daha sonra isə milli fəala verilən bu hökm Qərbi Azərbaycan Apellyasiya məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.
Səccad Şəhiri keçən ilin yanvar ayının 16-da kəşfiyyat agentləri tərəfindən həbs edilmişdi. Milli fəal həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülərək, martın 18-də 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Səccad Şəhiri daha əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 2018-ci ilin iyul ayının 20-də Babək Qalası tədbirləri zamanı onlarla milli fəal ilə birlikdə həbs edilmiş və daha sonra sərbəst buraxılmışdı.
VOA