Güneyli siyasi məhbus Əlirza Fərşi siyasi məhbuslara qarşı təzyiqlərlə bağlı açıq məktub yazıb
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, hal-hazırda Böyük Tehran Həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşi bu həbsxanada saxlanılan siyasi məhbuslara qarşı təzyiqlərlə bağlı həbsxana rəhbərliyinə açıq məktub yazıb.
Fərşi son zamanlarda Böyük Tehran Həbsxanasında baş verən hadisələrlə bağlı yazdığı bu məktubda “dünyanın harasında hücum edən şəxs möhtərəm sayılır və hücuma məruz qalan iğtişaş yaradan adlanır?” deyə sual edib.
Daha öncə yayılan məlumatlara görə, oktyabr ayının 8-də Böyük Tehran həbsxanasının 2-ci briqadasında saxlanılan bir sıra siyasi məhbus zorakı cinayətlərdən məhkum olan məhbuslar tərəfindən döyülmüşdülər. Bu hadisə nəticəsində bir çox siyasi məhbus yaralanıb və bəziləri müalicə üçün həbsxananın sağlamlıq mərkəzinə yerləşdirilmişdi.
Bu hadisədən sonra 14 siyasi məhbus cəzalandırılmaq üçün ‘Qapısıbağlı’ adı ilə tanınan və digər bölmələrə görə imkanları az və qeyri-standard olan bölməyə köçürülüblər.
Tehranın Ümumi və İnqilab Prokurorluğunun Müttəhimlər və Məhkumlara Nəzarət Şöbəsinin rəisi Baharistan Ümümi və İnqilab prokuroruna yazdığı bir məktubda güneyli siyasi məhbus Əlirza Fərşini baş verən hadisələr və qarışıqlığı yaradanların lideri adlandırıb.
Baş verən hadisələrlə bağlı yazılan bu məktubdan sonra milli fəal məzuniyyətə buraxılmaq kimi bir sıra hüquqlardan məhrum edilib.
Əlirza Fərşi həmçinin yazdığı son məktubdan öncə 8 siyasi məhbusla birlikdə yazdığı başqa bir açıq məktubda, Böyük Tehran Həbsxanasının rəsmilərinin basqılarını qınayıb və onlara qarşı edilən işgəncələrin dayandırılmasını tələb etməklə bərabər beynəlxalq hüquq təşkilatlarını bu həbsxananın vəziyyətinə nəzarət etməyə çağırıblar.
Hal-hazırda azərbaycanlı milli fəal Əlirza Fərşi 2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyinə görə ona qarşı çıxarılan 2 illik həbs cəzasını çəkməkdədir. Fərşi keçən ilin yanvar ayında həbsdə ikən yeni qaldırılan iddia əsasında “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 3 il 6 ay və “sistemə qarşı təbliğat aparmaq” aparmaq ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə həbs cəzasına əlavə olaraq Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.
Əlirza Fərşi indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən müxtəlif cəzalara məhkum edilib.