Güneyli siyasi məhbus Əlirza Fərşi müalicə üçün məzuniyyətə buraxılıb
Böyük Tehran Həbsxanasında saxlanılan güneyli siyasi məhbus Əlirza Fərşi yanvarın 9-da müalicə üçün məzuniyyətə göndərilib.
Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçiləri və HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Əlirza Fərşinin buynuz qişanın transplantasiya əməliyyatı üçün zəruri müayinələrin tətbiqi üçün məzuniyyətə buraxıldığı bildirilir. Fərşi daha öncə məzuniyyətə buraxılmasının zəruriliyinə toxunaraq, məhkəməyə açıq məktub ünvanlayıb xəstəlikləri haqda izahat vermişdi.
Türk dil haqları üzərə dinc fəaliyyətlərindən dolayı həbs edilən Fərşi, son zamanlar qan şəkərinin yüksəlməsi, sol göz infeksiyası və sağ əlində uyuşma kimi xəstəliklərdən əziyyət çəkir. O, daha öncə də göz müayinəsi üçün Tehranın Farabi Xəstəxanasına köçürülmüşdü, lakin müayinə və müalicə prosesi yarımçıq qalmışdı və siyasi məhbus təkrar həbsxanaya göndərilmişdi.
Əlirza Fərşini müayinə edən həkim təcili olaraq milli fəalın sol gözünün buynuz qişasının transplantasiyası və sağ gözünə lens qoyulmasının vacibliyini vurğulasa da, siyasi məhbusun məzuniyyətə buraxılması gecikdirilib. Amnesty Inernational təşkilatı Əlirza Fərşinin sağlamlıq vəziyyəti ilə əlaqədar narahat olduğunu bildirərək dərhal sərbəst buraxılmasını tələb etmişdi.
2014-cü ildə Tehran şəhərində beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən bir mərasimdə iştirak etdiyi üçün həbs edilən Fərşi, 2 il azadlıqdan məhrum edilib. Keçən ilin yanvar ayında həbsdə olduğu zaman ona qarşı açılan yeni bir dosyedə “milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 3 il 6 ay və “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə həbs cəzasına əlavə olaraq, Fərşiyə 2 il ictimai fəaliyyətlərdən məhrumiyyət və Tehran bələdiyyəsində 2 ay məcburi ağır iş hökmü vermişdi.
Güneyli siyasi məhbus Əlirza Fərşi həbsdə olan zaman ona qarşı sürülən fərqli haqsızlıqlar və həmçinin İranda müxtəlif siniflərə qarşı təzyiqlərə etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib.