Güneyli milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib
İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Ruzbeh Pirinin məhkəmə iclası mayın 11-də İslam İnqilabı Keşikçiləri Korpusunun iki qanuni nümayəndəsinin iştirakı ilə Təbriz Cəza Məhkəməsinin 103-cü şöbəsində keçirilib.
Aprel ayının 3-də Ruzbeh Piri Təbriz Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılıb. O, məhkəməyə müraciət etdikdən sonra ona qarşı irəli sürülən ittihama görə, 80 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Milli fəal qardaşı Yaşar Pirinin işgəncələrdən dolayı xəstəxanaya köçürüldüyü zaman onun fiziki vəziyyəti haqqında məlumat yaydığına görə, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinin sədri olan hakim Musəvi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham olunub.
Fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Yaşar Piri həbsxanadan sərbəst buraxıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdi.
Ruzbeh Piri öz Instagram hesabında qardaşının nəfəs borusu və böyrəklərinin həbs edilərkən təhlükəsizlik qüvvələri tərəfindən bibər qazından istifadə edilməsi nəticəsində zədələndiyini bildirmişdi.
Həmçinin Yaşar Pirinin, həbsdə olduğu müddətdə İran hökumətinin təhlükəsizlik qüvvələri və həbsxana məmurları tərəfindən işgəncə və döyülmə nəticəsində bədəninin bəzi hissələri göyərmişdi.
Piri qardaşları indiyədək dəfələrə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və fərqli ittihamlarla mühakimə olunub, fərqli cəzalara məruz qalıblar.
VOA