Güneyli fəal Zeynal Tənhayi pul cəzasına məhkum edilib
Güneyli milli fəal Zeynal Tənhayi 3 milyon tümənlik cərimə cəzasına məhkum edilib.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Zeynal Tənhayi Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 3 milyon tümənlik pul cəzasına məhkum edilib.
Tənhayiyə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinin sədri olan hakim Fəthnejad tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs qarşılığında 3 milyon tümən cərimə tətbiq olunub.
Güneyli milli fəal Zeynal Tənhayi oktyabrın 4-də İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən Təbriz şəhərində İkinci Qarabağ müharibəsi əsnasında Azərbaycan Respublikasına dəstək və həmçinin İranın Ermənistanla olan mövqeyini qınamaq məqsədilə yayılan bildirişlər və mitinqlərlə əlaqədar heç bir mitinqdə iştirak etmədən həbs edilmişdi.
Zeynal Tənhayi 16 gün nəzarət altında qaldıqdan sonra məhkəmə qərarının sonuna qədər 500 milyon tümənlik girov müqabilində Təbrizin Mərkəzi həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılmışdı.
İran Azərbaycanında Qarabağa dəstək nümayişləri çağırışlarından sonra İran hökumətinin kəşfiyyat agentləri tərəfindən çox sayda milli fəal və vətəndaş həbs edilib və həbs edilən vətəndaşlar ağır işgəncələrə məruz qalıb.
VOA