Güneyli fəal Səhənd Məali məzuniyyət müddətinin bitməsindən sonra Sarab həbsxanasına qaytarılıb
Azərbaycanının Sarab şəhərində yaşayan milli fəal Səhənd Məali 30 günlük məzuniyyət müddətinin bitməsindən sonra Sarab şəhərinin həbsxanasına qaytarılıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata əsasən, Məali koronavirusun Sarab həbsxanasında yayılması səbəbindən dolayı avqustun 24-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında 30 gün müddətinə məzuniyyətə buraxılmışdı. O, sentyabrın 23-də bu müddətin bitməsi ilə Sarab həbsxanasına geri qaytarılıb.
Səhənd Məali 2018-ci ilin iyun ayında Babək Qalasının il dönümü münasibəti ilə keçirilən tədbirdə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
O, daha sonra hakim Mehdi Şəmsin rəhbərlik etdiyi Sarab İnqilab Məhkəməsi tərəfindən qiyabi olaraq “Babək qalasına toplaşmağa dəvət edən vərəqələr paylamaqla İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilmişdi.
Bu hökm 2019-cu ildə Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 3-cü şöbəsi tərəfindən təsdiqlənmişdi.
Məali 2019-cu ilin may ayının 2-də 10 aylıq həbs cəzasını çəkmək üçün Sarab həbsxanasına köçürülmüşdü.
Səhənd Məali həbsdə ikən onun barəsində yenidən bir il həbs və pul cəriməsi qərarı çıxarılmışdı. Lakin İranın cəza qanununa əsaslanaraq hər iki məhkəmə işi birləşdirildikdən sonra, onun daha öncə çəkdiyi həbs müddəti də nəzərə alınaraq, o, fevralın 16-da sərbəst buraxılmışdı.
Lakin, buna baxmayaraq, iyunun 30-da İran hökumətinin təhlükəsizlik qüvvələri Məaliyə məhkəmə işlərinin birləşdirilmədiyini və məhkum olduğu bir il həbs cəzasını çəkməli olduğunu bildirərək, milli fəalı həbs edib və yenidən Sarab həbsxanasına köçürüblər.
Səhənd Məali daha öncə də mədəni fəallığı səbəbilə dəfələrlə İran kökümətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmələri tərəfindən məhkum edilib. VOA