Güneyli fəal Ruzbeh Piri sistemə qarşı təbliğat aparmaqda ittiham edilib
İran Azərbaycanının Təbriz şəhərində yaşayan milli fəal Ruzbeh Piri məhkəməyə çağırılıb və girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, aprelin 3-də güneyli fəal Ruzbeh Piri Təbriz Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılıb. O, məhkəməyə müraciət etdikdən sonra ona qarşı irəli sürülən ittihama görə, 80 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.
Milli fəal qardaşı Yaşar Pirinin işgəncələrdən dolayı xəstəxanaya köçürüldüyü zaman onun fiziki vəziyyəti haqqında məlumat yaydığına görə, hakim Musəvi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə ittiham olunub.
Fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Yaşar Piri həbsxanadan sərbəst buraxıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdi.
Ruzbeh Piri qardaşının durumu ilə bağlı öz İnstagram hesabından qardaşının nəfəs borusu və böyrəklərinin həbs edilərkən təhlükəsizlik qüvvələri tərəfindən bibər qazından istifadə edilməsi nəticəsində zədələndiyini bildirmişdi.
Həmçinin Yaşar Piri həbsdə olduğu müddətdə İran hökumətinin təhlükəsizlik qüvvələri və həbsxana məmurları tərəfindən işgəncə və döyülmə nəticəsində bədəninin bəzi hissələri göyərmişdi.
Piri qardaşları indiyədək dəfələrə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və fərqli ittihamlarla mühakimə olunub, fərqli cəzalara məruz qalıblar.
VOA