Gəncə və Mingəçevir raketlə vuruldu
Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərləri raket hücumuna məruz qalıb. Son rəsmi məlumatlara görə, Gəncə şəhərində mülki əhali arasında azı 12 ölən və 40 yaralanan var.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Twitter hesabında bildirib.
Hücumun Ermənistan ərazisindən qaynaqlandığını bildirən Hacıyev azı 20 binanın dağıldığını bildirib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan hücumun Ermənistandan qaynaqlandığını inkar edib. Stepanyan Ermənistan səmalarında Azərbaycana məxsus 2 PUA-nın vurulduğunu bildirib. Daha sonrakı Twitter mesajında erməni rəsmi Azərbaycan PUA-larının Syunik regionunda Xnatsax, Artsvanik, Davit Bek yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinə məxsus bazaları və mülki infrastrukturu hədəf aldığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistanın bu ölkənin ərazisində silahlı qüvvələrin infrastrukturu və mülki obyektlərə guya Azərbaycan PUA-ları ilə zərbə endirilməsi ilə bağlı bəyanatla çıxış etməsi `Ermənistanın törətdiyi qanlı əməllərin üstünü ört-basdır etmək məqsədi güdür`.
“Qəti surətdə bu xəbəri təkzib edir və bildiririk ki, Azərbaycan Ordusu yalnız işğal olunmuş ərazilərin azad olunması istiqamətində legitim hərbi hədəflərə atəş açır. Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur,” Müdafiə Nazirliyi bildirir.
BMT Baş Katibi Antonio Quterreş cümə axşamı Ermənistan Xarici İşlər Naziri ilə, cümə günü isə Azərbaycan Xarici İşlər Naziri ilə telefonda danışıb.
“Biz mülki əhalinin davamlı şəkildə əziyyət çəkməsindən narahatıq. Mülki əhalinin və infrastrukturun hədəf alınması güclü şəkildə qınanılmalıdır,” sözçü Stefan Ducarriç bildirib. O, atəşkəsə tam riayət olunmasının vacibliyini vurğulayıb.