Ermənistan hücümündan saonra Tovuz sərhədində toqquşmalar davam edir
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Tovuz rayonunda döyüşlər davam edir.
Mətbuat Xidməti qarşı tərəfin hərbi obyektlərinin vurulduğunun əks olunduğu bildirilən video yayıb.
“Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib,” mətbuat xidməti bildirir.
Ermənistan tərəfi Azərbaycan qüvvələrini Tavuş rayonu və Berd qəsəbələrində mülki əhalini hədəf almaqda günahlandırıb. Hərbi rəsmilər cavab tədbirləri nəticəsində Azərbaycanın dron nəzarət sistemini və təmas xəttindəki istehkamlarını dağıtdığını bildirib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Azərbaycan mövqelərinin hədəf alındığı video-görüntülər yayıb.
Azərbaycan Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov həlak olub.
Nazir müavini döyüşlərdə daha 5 hərbçinin, mayorlar Namiq Əhmədov və Anar Novruzovun, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, əsgər Elçin Mustafazadənin həlak olduğunu bildirib.
“İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı, mühüm obkeytləri darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad və və polkovnik İlqar Mirzəyev qəhrəmancasına həlak olub,” o bildirib.
Müdafiə Nazirliyi döyüşlərdə yaralıların olduğunu da bildirir.
“Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.”
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, erməni tərəfinin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və yüzlərlə canlı qüvvəsi məhv edilib.
“Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır,” Müdafiə Nazirliyi qeyd edir.
Ermənistan Müdafiə Nazirliyi hətta havaya Rusiya istehsalı olan SU 30CM çoxfunkisyalı qırıcı təyyarələr qaldırıb. Nazirlik bu barədə məlumat yaysa da təyyarələrin təlim məqsədi ilə havaya qaldırıldığını bildirib.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində (Bakıdan 440 kilometr qərb) iyulun 12-dən başlayan gərginlik davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, “artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə Azərbaycan bölmələrinin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib”.
Nazirlik bildirir ki, indiyədək Azərbaycan Ordusunun 11 hərbi qulluqçusu həlak olub, 4 hərbi qulluqçu isə yaralanıb.
Müdafiə Nazirliyi cəbhədə Ermənistan hərbi obyektinin vurulmasının əks olunduğunu bildirdiyi video görüntülər yayıb.
Ermənistan mediası bu ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, atışmalar zamanı 4 hərbçi həlak olub, 3 hərbi qulluqçu və 2 polis əməkdaşı yaralanıb. Çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyi iki əlavə hərbçisinin – serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyanın həlak olduğunu təsdiqləyib.
Ermənistan Müdafiə Nazirliyi həmçinin Azərbaycanın mövqelərinin havadan vurulmasının əks olunduğu video yayıb.