Davud və Əyyub Şiri qardaşlarının nəzarətə alınma müddəti uzadılıb
Təbrizli milli fəallar Davud və Əyyub Şiri qardaşlarının ailəsinin məhkəməyə müraciəti zamanı fəalların nəzarətə alınma müddətinin uzadıldığı barədə məlumat verilib.
Aznews TV saytında dərc olunan məlumata görə, Şiri ailəsi Təbrizdə məhkəməyə müraciət edərək, isin müstəntiqindən fəalların həbs edilməsinin səbəbini soruşub.
Məhkəmə müstəntiqi Şiri qardaşlarının “sistemə qarşı təbliğat aparmaq” ittihamından dolayı həbs edildiyini və nəzarətə alınma müddətinin uazadıldığını bildirib.
Həmin xəbərə görə, Əyyub və Davudun vəziyyəti ilə əlaqədar məlumat almaq istəyən ailəsinə məhkəmə müstəntiqi “onlar sistemə qarşı təbliğat aparıblar, əgər siz də mövcud vəziyyətdən narazısınızsa, bu ölkəni tərk edə bilərsiniz” cavabını verib.
12 gün əvvəl mayın 19-da həbs edilən fəallara bu müddət ərzində sadəcə bir dəfə ailələri ilə telefon əlaqəsi qurmağa icazə verilib. Həmin telefon əlaqəsi isə bir dəqiqə çəkməyib və təhlükəsizlik qüvvələri əlaqəni kəsiblər.
Telefon əlaqəsi zamanı həbs edilən milli fəallar Təbrizin kəşfiyyat idarəsinin təcridxanasında olduqlarını bildiriblər.
Davud və Əyyub Şiri qardaşları Təbrizdə biri iş yerində və o biri isə yas mərasimindən çıxarkən eyni gündə ayrı-ayrı həbs edilib və dindirilmək üçün təcridxanaya köçürülüblər.
Təbrizli Şiri qardaşları dəfələrlə apardıqları dinc fəaliyyətlərindən dolayı saxlanılaraq məhkəmə tərəfindən həbsə məhkum edilib.