Cəlal Rövşən: İran hakimiyyəti pandemiya dönəmində də xalqa qarşı səmimi davranmadı
Covid-19 pandemiyası səbəbilə dünyanın müxtəlif ölkələrində siyasi hakimiyyətlər təlatümlü günlər keçirir. Amma çoxları İran hakimiyyətini bu böhranlı vəziyyətdə rahat davrandığı üçün tənqid edirlər.
Amerikanın Səsinə danışan siyasi şərhçi Cəlal Rövşən deyir ki, “İran dövləti təəssüflə bir çox səbəb üzündən, ki məncə bu səbəblərin başında ağır iqtisadi sıxıntılar gəlir, bu pandemiyaya qarşı rahat hərəkət edir. Lakin bu o mənaya gəlmir ki, hər şey hakimiyyətin kontrolundadır və ya hər şeyi çözmüş vəziyyətdədir.”
İran dövləti təəssüflə bu pandemiyaya qarşı rahat hərəkət edir. Lakin, bu o mənaya gəlmir ki, hər şey hakimiyyətin kontrolundadır və ya hər şeyi çözmüş vəziyyətdədir.
İranda pandemiya ilə əlaqədar alınan tədbirlər İranla oxşar vəziyyətdə olan ölkələrlə müqayisədə daha tez və daha sürətli şəkildə yüngülləşməyə başladı.
Cəlal Rövşən hesab edir ki, İran siyasətində nəzarət və tarazlıq sistemi mövcud olmadığı üçün, hakimiyyət radikal qərarlar almaqda heç bir çətinlik çəkmir.
“Başqa ölkələrdəki əyləcləmə sistemi təəssüflə İranda çalışmır. İranda tamamən inhisarçı bir sistem çalışır. Nə etsə, nə etməsə, hər şey hakimiyyətin əlindədir,” Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti söyləyir.
Onun dediklərinə görə, “bu növ böhranlarda, dövlətin iqtisadi gücü və nüfuzu çox önəmlidir. Bir də keçmişdən gələn bir ənənə olmalıdır. Yəni, hakimiyyətin öz xalqı ilə necə davranmasının tarixinə baxmaq lazimdir. Bu pandemiyadan öncəsinə baxsaq, ki çox öncəyə getməyə də grək yoxdur, bir neçə ay öncə, Ukrayna təyyarəsinin vurulması və Qasim Süleymani məsələsində İranın çox ciddi bir sistem problemi yaşadığını gördük.”
Hakimiyyətin öz xalqı ilə, yəni yönəltdiyi xalqla dürüst və səmimi olmadığını görürük. Bu başqa ölkələrdə də qismən ola bilər. Ancaq, məncə, İran İslam Cümhuriyyətinin ən bariz xüsusiyyətidir.
Rövşən deyir ki, öz xalqına qarşı səmimi davranmamaq, bir çox dövlətin problemi ola bilər, amma, bu, İslam Respublikasının bariz bir xüsusiyyətidir:
“İrandakı sistem problemi nədir? Ən başda, hakimiyyətin öz xalqı ilə, yəni yönəltdiyi xalqla dürüst və səmimi olmadığını görürük. Bu başqa ölkələrdə də qismən ola bilər. Ancaq məncə, İran İslam Cümhuriyyətinin ən bariz xüsusiyyətidir.”
Cəlal Rövşən müsahibədə həmçinin güney təşkilatları və türk fəalların pandemiya dönəmində göstərdiyi fəaliyyətləri dəyərləndirir.
“Xaricdə fəaliyyət göstərən təşkilatlar, xüsusilə əllərində media imkanları olanlar, məncə bu pandemiya dönəmində daha fəallaşdılar. Bir sırası yaxşı fəaliyyət göstərdilər. Misal üçün, dövlətin etmədiyi və həyata keçirmədiyi maarifləndirməni, bu təşkilatların media qolları millətimizə çatdırdı… Amma, hər zamanki kimi, bir gözləntimiz var. Gözləyərdik ki, var olan bu ixtilafları bəlkə bəlli bir müddət kənara qoyub, biraz yaxınlaşıb və belə bir dönəmdə aralarında daha sıx əməkdaşlıq olaydı” – deyə, o əlavə edir.