Cəbhədə şiddətli döyüşlər davam edir
Oktyabrın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərgin döyüşlər davam etməkdədir. Tərəflər bir-birini humanitar atəşkəsi pozmaqda günahlandırır.
Çərşənbə günü Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttindən 40 kilometr aralıda yerləşən Bərdə rayonunun (Bakıdan 305 kilometr qərb) ərazisinə raket zərbələri endirib. Kasetli mərmilərin Bərdə şəhərinin mərkəzinə də düşdüyü bildirilir. Azı 21 adamın həlak olduğu, 70-dən çoxunun yaralandığı bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.
“Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib,” məlumatda qeyd edilir.
Ermənistan Müdafiə Nazirliynin mətbuat katribi Şuşan Stepanyan Bərdə şəhərinin raket atəşinə tutulması barədə xəbəri təkzib edib.
“Guya Ermənistan Silahl Qüvvələrinin Bərdə şəhərini “Smerç” tipli raketlərdən atəşə tutması barədə məlumat əsassız və yalandır,” o, Facebook səhifəsində yazıb.
Az sonra Şuşanyan Azərbaycan qüvvələrinin Xankəndində xəstəxananı bombaladıqlarını bildirib.
Çərşənbə axşamı özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryanın ofisi bildirib ki, Dağlıq Qarabağda çoxsaylı mülki insanların sığınacaq tapdığı Martuni (Xocavənd-red) rayonunun Nnqi kəndi artilleriya atəşinə məruz qalıb, 3 qadın xəsarət alıb, bir ev dağılıb, bir neçə evə ziyan dəyib.
Özünü tanınmamış “Dağlıq Qarabağın” fövqəladə hallar xidmətinin nümayəndəsi kimi təqdim edən Hunan Tadevosiyan bildirib ki, Dağlıq Qarabağda vəziyyət davamlı olaraq gərgindir.
“Azərbaycan Silahlı Qüvvələri Əsgəranın yuxarı bölgələrini – Avetaranots, Madataşen, Sqnax və Müşkümat kəndlərini atəşə tutur. Bu, düşmənin təxribat və kəşfiyyat nüfuzetmə cəhdləri ilə əlaqədardır. Bizim və düşmənin artilleriyası qarşılıqlı şəkildə bir-birini atəşə tutur. Stepanakert (Xankəndi-red), Mardakert (Ağdərə-red) və Martuni (Xocavənd-red) hissələrinə gəlincə, orada vəziyyət nisbətən sakitdir. Gün ərzində Martunidə hava hücumu olub, düşmən dronu vurulub,” Tadevosyan deyib.
Oktyabrın 28-də Şuşa və Xankəndinin atəşə tutulması nəticəsində Şuşada bir mülki şəxsin öldüyü, iki nəfərin yaralandığı barədə məlumat yayılıb.
Azərbaycan Müdafiə nazirliyi bu məlumatı təkizb edib.
“Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır. Bir daha bildiririk ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur. Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir,” nazirlik qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutub.
“Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.” Müdafiə Nazirliynin məlumatında deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev Twitterdə Azərbaycan Silahlı Qüvvələrinin 13 kənd üzərində nəzarəti bərqərar etdiyini elan edib.
“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Əliyev qeyd edib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 28-də səhər saatlarından Tərtər şəhərini, Goranboy, Ağcabədi rayonunun ərazisini, həmçinin Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının ərazilərini atəşə tutur.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan hesab edir ki, Azərbaycan Qarabağdakı hərbi əməliyyatların xarakterlərini dəyişdirib, artıq əvvəlki kimi böyük birləşmə şəkilində deyil, kiçik təxribat qrupları şəklində döyüşür.
“Meşələrdə, dərələrdə ağır döyüşlər gedir. Bu gün (oktyabrın 27-də) bir neçə təxribat qrupu zərərsizləşdirilib, bir neçəsi texnikalarını qoyub qaçıb, ancaq bu cür müharibə aparmağın da özünəməxsus çətinlikləri var,” o qeyd edib.
Onun sözlərinə görə, düşmən say baxımından və texniki cəhətdən üstünlüyünü itirib və bunun da öz səbəbləri var. Buna səbəb əsasən döyüşlərin aparıldığı ərazinin relyrfidir. Belə ki, erməni hərbiçiləri ərazini tanıyır və belə ərazilərdə döyüş aparmaq təcrübəsi var. Bununla yanaşı Hovanisyan hesab edir ki, qüvvələr nisbətində dyişikliyin davamlı olacağını demək olmaz, çünki cəbhədə durum daim dəyişir.
Rəsmi Bakı beynəlxalq tanınmış sərhədləri daxilində 1993-cü ildən erməni tərəfinin nəzarətində olan 4 şəhərini, bir neçə qəsəbəsini və 180-nə yaxın kəndini azad etdiyini bildirib. Ölkə İranla sərhədlərini bütövlükdə bərpa edib. Ermən tərəfi döyüşlər zamanı geri çəkildiyini bildirsə də bu məlumatların bir çoxunu hələ təsdiq etməyib.
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri oktyabrın 26-da humanitar atəşkəs elan etməsinə baxmayaraq tərəflər oktyabrın 28-də bir-birini atəşkəsi pozmaqda günahlandırır. Bundan öncə oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın təşəbbüsü ilə humanitar atəşkəs razılığı olub. Bu razılaşmalara baxmayaraq aktiv hərbi əməliyyatlar davam etdirilir.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aktiv hərbi əməliyyatlar bərpa edilib, tərəflər çoxsayı itkilıər verib.
Ermənistanın baş nazir Nikol Paşinyan oktyabrın 27-də müraciətində bildirib ki, Dağlıq Qarabağa və ermənilərə qarşı müharibənin başlanmasından bir ay keçib.
“Düşmən tanklardan, təyyarələrdən, helikopterlərdən, terrorçulardan, Türk və Pakistan muzdlularından istifadə edir. Bir ay əvvəl planları Artsaxı (Dağlıq Qarabağ-red) sürətlə ələ keçirmək və məhv etmək idi, lakin Artsax bu günədək dayanır və bütün bunlara görə ilk növbədə qəhrəman ordumuza və xalqımıza minnətdarıq. Azərbaycanın hərbi-siyasi rəhbərliyi öz cəmiyyətini uzun müddətdir qələbə xəbərlərləri ilə bəsləyir, cəmiyyət isə uzun müddətdir Artsaxın süqutu barədə xəbər gözləyir. Ancaq Azərbaycan cəmiyyəti bu xəbəri eşitməyəcək və bu xəbərlərin sonsuz gözləntisi Azərbaycanın Artsaxı fəth etmək planlarını məhv edəcək. Lazımi anda düşmənə güclü və dağıdıcı əks zərbə endiriləcək. Artsax `Müdafiə Ordusu`nun vəzifəsi məhz bu anı hazırlamaqdır və bu səyləri hərtərəfli dəstəkləməliyik. Bunun üçün bizə xalqın qüvvəsi ilə nizam-intizamın müstəsna konsolidasiyası lazımdır.
Dünənki çıxışımın kifayət qədər mübahisəli bir reaksiya yaratdığını bilirəm. Bu çıxış iki məqsədi güdürdü: beynəlxalq ictimaiyyətə erməni tərəfinin konstruktivliyini göstərmək, həmçinin erməni xalqının Artsax uğrunda mübarizə əzmini göstərmək. Hər iki məsələ tamamilə həll edilib. Hər şey Artsax uğrunda edilməlidir. Bu məntiq hər yerdə işləməlidir. Artsax `Müdafiə Ordusu` qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün kifayət qədər silah və potensiala malikdir.
Dünyada çox düşmənimiz var, amma çətin anlarda bizə dəstək olacaq dostlarımız da var. Bu müharibə dövründə dünyada Qarabağ münaqişəsinə baxış dəyişib. Artıq beynəlxalq oyunçular Azərbaycan və Türkiyənin aqressiv olduqlarını tanıyır və açıq şəkildə bəyan edir. Bu, diplomatiyamız və konstruktiv yanaşmamız sayəsində mümkün olub. Hər şey aydındır, Azərbaycan həm əvvəllər, həm də indi kompromisə hazır deyil və bu fakt bizə qələbəyədək beynəlxalq səviyyədə mübarizə apamağa hüquq verir. Biz heç bir gücün azad və xoşbəxt gələcəyimizi şübhə altına almasına imkan verməyəcəyik,” Paşinyan qeyd edib.
Ermənistan baş nazirnin yeni çağırışları Azərbaycanda kəskin etirazlarla qarşılanıb. Ekspeertlər hesab edir ki, Nikol Paşinyanın bəyanatları bir-birini təkzib edir. Oktyabrın 27-də kompromis və təslimdən danışır, oktyabrın 28-də əks hücumla `dağıdıcı zərbə endiməyin` lazımlığını bildirir.
Bu arada Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Times” qəzetinə bildirib ki, Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlişindən sonra münaqişənin dinc yolla həlli prosesində irəliləyişlərin olacağını bildirib. O Azərbaycan prezidenti ilə ilk görüşündə vaxt istəyib, eyni zamanda Dağlıq Qarabağla bağlı yeni siyasət yürütməyə söz verib.
“Lakin, bu baş verməyib, gərginlik daha da artıb. Çünki Paşinyan və onun müdafiə naziri Şuşanı paytaxt etmək və avqustda parlamenti ora köçürmək planları barədə populist bəyanatlar veriblər. Müzakirə prosesinin tabutundakı son mismar Paşinyan Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi vurulub,” Hacıyev bildirib.
Münaqişə ilə siyasi səviyyədə müzakirələrə gəlincə oktyabrın 27-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan telefon danışığı zamanı münaqişəsi zonasındakı durumla bağlı müzakirə aparıb.
Rusiya prezidentinin rəsmi internet saytının məlumatına görə, Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə təmasları, tezliklə atəşkəsin əldə edilməsinə nail olmaq və böhranı dərinləşdiməmək məqsədi ilə atdığı addımlar barədə məlumat verib.
Oktyabrın 27-də ABŞ Dövlət Katibi Mayk Pompeo Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.
Dövlət katibi iki ölkə liderlərini atəşkəsə riayət etmək və ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Qarabağ münaqişəsinin diplomatik həlli yollarını axtarmağa başlamağa dair öhdəliklərini yerinə yetirməyə çağırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda Pompeonun Azərbaycan və Ermənistan liderlərinə münaqişənin hərbi həll yolu olmadığı bildirdiyi qeyd edilir.
“Dövlət Katibi Pompeo liderlərdən hərbi əməliyyatlara son qoymaq və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yollarını tapmağa dair öhdəliklərinə sadiq qalmalarını istəyib və münaqişənin hərbi həll yolunun olmadığını qeyd edib. Dövlət katibi oktyabrın 10-da Moskvada razılaşdırılmış və ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 oktyabr 2020-ci ildəki birgə bəyanatlarına uyğun olaraq oktyabrın 17-də Parisdə verilən bəyanatda bir daha təsdiqlənmiş atəşkəsin tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb,” bəyanatda bildirilir.
Oktyabrın 28-də Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov arasında da telefon danışığı olub.
Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı nazirlər Dağlıq Qarabağdakı son vəziyyəti, münaqişəyə dair yenilikləri müzakirə edib.
Oktyabrın 28-də Ceyhun Bayramov Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini və İran prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçı ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri və regionda baş verən sonuncu gərginliyi ətraflı şəkildə müzakirə edib.
İtkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.
“Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır,” Putun qeyd edib.
Ermənistan oktyabrın 28-də daha 59 hərbiçisinin öldürüldüyünü və ümumilikdə 1068 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.
Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.
Özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 112 nəfər yaralanıb.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, oktyabrın 27-də 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd 57 mm-lik top mərmisi (BM-8), 1 560 ədəd piyada əleyhinə PMN minası, 67 ədəd piyada əleyhinə OZM-72 minası, 33 ədəd tank əleyhinə TM-62M minası, 18 ədəd tank əleyhinə TM-62P2 minası, 34 ədəd MVP partladıcısı, 202 ədəd MVÇ partladıcısı, 76 ədəd detonator və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub, .
Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 27 oktyabr tarixlərində 298 ədəd partlamamış hərbi sursat (PHS), 1 627 ədəd piyada əleyhinə mina, 51 ədəd tank əleyhinə mina,236 ədəd tank əleyhinə minanın partladıcısı, 76 ədəd detonator, 1 149 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 17 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 506 ədəd partlamış raket hissələri aşkar olunub.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.
2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.
VOA