Cəbhədə qızğın döyüşlər davam edir
Azərbaycann və Ermənistan qoşunlarının təmas xətti boyunca ağır döyüşlər davam edir. Tərəflər bir-birini mülki əhalini hədəf almaqda ittiham edirlər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
“Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqelərini tərk edərək geri çəkilib,” nazirliyin məlumatında deyilir.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi Artsrun Hovanisyan bildirirb ki, Azərbaycan Ordusunun bəzi texniki və kəmiyyət üstünlüyü Qarabağda qarşısına qoyduğu məqsədlərin həlli üçün bəs etməyib.
“Bəli, bəzi istiqamətlərdə bu üstünlüyə görə geri çəkilmək məcburiyyətində qaldıq, itkilərimiz var. Ancaq çox sayda müasir silaha sahib olması düşmən üçün həlledici rol oynamadı.”
Aktiv əməliyyatların bir aya yaxındır davam etdiyini xatırladan Ovanisyan döyüşlərdə 150,000 Azərbaycan hərbçisinin iştirak etdiyini deyib.
“Aydındır ki, belə genişmiqyaslı bir hazırlıqla məqsəd Arazın sahili boyunca kiçik bir ərazini ələ keçirmək ola bilməzdi. Ancaq nəticədə əldə etdikləri budur,” Hovanisyan qeyd edib.
O, hazırda Dağlıq Qarabağ zonasında bütün istiqamətlərdə ön xətt boyunca lokal döyüşlərin getdiyini bildirir.
Hovanisyan Facebook səhifəsində Azərbaycan Ordusnun həmçinin cəbhənin cənub cinahında, Laçın rayonu istiqamətində hücum əmliyyatları keçirdiyini, şiddətli döyüşlərin getdiyini yazır. Onun dediyinə görə, Azəbryacan tərəfinin bütün hücumlarının qarşısı alınır.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttinin cənub istiqamətində böyük bir bölməsi məhv edilib.
“Ermənistan silahlı qüvvələrinin cənub istiqamətindəki uğurlu əməliyyatı nəticəsində düşmənin bir xüsusi təyinatlı bölməsinin böyük hissəsi məhv edilib, 9 ədəd texnika ələ keçirilib. Erməni həkimlər əsir götürülmüş bir Azərbaycan hərbiçisinin üzərində cərrahi əməliyyat aparıb. Hərbi əsirin səhhəti ağır-stabil qiymətləndirilir,” Stepanyan qeyd edib.
Cümə günü ABŞ Dövlət Katibi Maykl Pompeo Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşüb. O, yerlərdə vəziyyətlə bağlı onların fikirlərini öyrənmək istədiyini bildirib.
Dövlət Katibi Pompeo əvvəlcə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, daha sonra isə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüb.
Pompeonun Xarici İşlər Naziri Ceyhun Bayramovla danışıqları təxminən 40 dəqiqə çəkib. Görüş bitdikdən sonra o, Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla danışıqlar aparıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Mortqan Ortaqusun Dövlət Katibi Mayk Pompeonun Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı keçirdiyi görüşlərdən sonra açıqladığı bəyanatda tərəflərin substantiv danışıqlara başlamasının vacibliyi vurğulanıb.
“Dövlət Katibi Pompeo zorakılığa son qoyulması və mülki şəxslərin qorunmasının vacibliyini qeyd edib. Dövlət Katibi həmçinin münaqişənin Helsinki Yekun Aktının gücdən istifadə və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların bərabər və öz müqəddəratını təyin etmək hüquqları prinsipləri əsasında həll edilməsi üçün tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlamağın vacibliyini vurğulayıb” – deyə bəyanatda bildirilir.
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtona səfəri zamanı jurnalistlətə deyib ki, Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatları nəticəsində 90,000 insan qaçqın düşüb.
“Dağlıq Qarabağın şəhərləri və kəndləri pilotsuz uçuş aparatlarının, artlleriyanın və aviasiya bombardumanlarının davamlı atəşi altındadır. Təxminən 90 min nəfər qaçqın düşüb, evlərini, mülklərini itirib, 8 minədək infrastruktur obyekti məhv edilib,” Mnatsakanyan qeyd edib.
Nazir jurnalistlərin Ermənistanın Azərbaycanın mülki infrastrukturlarını atəşə tutması ilə bağlı suallarına “tamamilə əhəmiyyətsiz ittihamdır” deyə cavab verib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Müdafiə Nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdiyi fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.
“Yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qorxu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış dezinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoları izləmək kifayətdir. Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun komandanlığın qərarına əsasən tətbiq edilir”.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumatı da təkzib edib.
“Bu məlumat Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur. Düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir. Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib,” nazirlik qeyd edir.
Hərbi itkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxaql diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.
“Ümumilikdə ölənlərin sayı 5000-ə yaxındır,” o, qeyd edib.
Ermənistan oktyabrın 24-də daha 36 hərbçisinin öldürüldüyünü bildirib. Rəsmi məlumatlara görə, ümumilikdə Ermənistan 963 hərbçisini itirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.
Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 20-dək Azərbaycanın 63 mülki vətəndaşı həlak olub, 298 nəfər yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 24-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Goranboy-Naftalan istiqamətində yerləşən, həmçinin Tərtər, Bərdə rayonlarının yaşayış məntəqələrini və Qubadlı rayonunun ərazisini Ermənistan ərazisindən artilleriya atəşinə tutur.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hesab edir ki, Ermənistanın öz ərazisindən Azərbaycan ordusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır.
“Bu hərəkət hərbi təcavüz aktı olmaqla bərabər Ermənistanın bu kimi hərbi avantüraları siyasi təxribat və münaqişənin coğrafiyasının genişləndirilməsi məqsədini daşıyır. Bununla, Ermənistan üzv olduğu siyasi-hərbi təşkilat çərçivəsində digər ölkələrə qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək barədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünü müdafiə məqsədilə hərbi təcavüz və hücum hallarının qarşısını almaq üçün legitim hərbi hədəflərə qarşı atmağa məcbur ola biləcəyi addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür,” Hacıyev qeyd edir.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 24-də erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub.
Bundan başqa, bu gün Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Qafar Yaqubov və Bəylər Şirinova məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.
Prokurorluq bildirir ki, oktyabrın 17-də Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan 13 yaşlı Artur Mayakov xəstəxanada vəfat edib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb ki, Ermənistan tərəfindən atılan “Smerç” raketi yaşayış evinin həyətinə düşüb.
“Ermənistan silahlı qüvvələri müntəzəm olaraq yerli mülki əhalini hədəfə alır. Belə ki, düşmən ötən gün (oktyabrın 23-də) Goranboy rayonu Tapqaraqoyunlu kəndinə 9M528 “Smerç” raketi atıb. Raket yaşayış evinin həyətinə düşüb,” o qeyd edib.
Özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun fövqəladə hallar xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələri Xankəndi (Stepanakert) şəhərini atəşə tutub.
“Raket atəşi nəticəsində bir avtomobil yanıb, bitişik bina və mağazalar dağılıb, qaz kəməri zədələnib. Ölüm hadisəsi yoxdur. Əsgəran rayonunun Avetaranos kəndinin atəşə tutulması nəticəsində bir nəfər mülki şəxs yaralanıb,” məlumatda qeyd edilir.
Özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 37 dinc sakin həlak olub, 118 nəfər yaralanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, oktyabrın 23-də 175 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 35 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket, 1 ədəd 9N235 bombacığı və 2 ədəd dron zərərsizləşdirilib.
Ümumilikdə agentlik tərəfindən 27 sentyabr – 23 oktyabr tarixlərində 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 144 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 14 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 401 ədəd partlamış raket hissələri aşkar olunub.
Oktyabrın 24-də Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir.
“Eyni zamanda Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir. Onu da əlavə edək ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır. Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq,” Müdafiə Nazirliynin məlumatında deyilir.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.
2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.
“Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır,” Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.