Behnam Şeyxi məzuniyyəti bitdikdən sonra həbsxanaya qayıdıb
Tehranın Evin həbsxanasından məzuniyyətə buraxılan güneyli siyasi fəal Behnam Şeyxi həbsxanaya qayıdıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Behnam Şeyxi may ayının 22-də məzuniyyəti bitdikdən sonra Evin həbsxanasına qaytarılıb.
Şeyxi aprel ayının 21-də girov müqabilində məzuniyyətə buraxılmışdı.
Behnam Şeyxi, Əlirza Fərşi və Həmid Mənafi Nadarlı ilə eyni gündə, iyul ayının 21-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və iki illik həbs cəzasının tətbiq edilməsi məqsədilə Tehranın Evin həbsxanasına köçürülüb.
Siyasi fəal Behnam Şeyxi bir neçə digər milli fəal ilə birlikdə 2014-cü ilin fevral ayında Beynəlxalq Ana Dili Gününü qeyd etmək məqsədilə təşkil olunan bir mərasimdə iştirak etdikləri üçün Tehranın Nəsimşəhr şəhərində həbs edilib və bir müddət nəzarət altına alındıqdan sonra məhkəmənin son qərarına qədər müvəqqəti olaraq girov müqabilində sərbəst buraxılmışdılar.
Şeyxi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri qanuni qrup formalaşmasında iştirak etmək” ittihamı ilə 10 il həbs cəzası və Xuzistan əyalətinə iki il sürgün cəzasına məhkum edilmişdi. Bu cəza Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.
VOA