Başımız sağ olsun ,Türkiyədə güclü zəlzələ baş verib
Oktyabrın 30-da Egey dənizində güclü zəlzələ baş verib. 7 bal gücündə olan zəlzələ Yunanıstanda və Türkiyədə hiss olunub. Türkiyənin İzmir şəhərində bəzi binalar çöküb.
Şahidlərin sözlərinə görə, zəlzələdən sonra turizm şəhəri olan İzmirdə insanlar küçələrə çıxıb.
Türkiyə dövlət mediası Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinə(AFAD) istinadən zəlzələ nəticəsində biri boğulma səbəbiylə 6 nəfərin öldüyünü, 202 nəfərin yaralandığını bildirib.
Rəsmilər İzmirin bəzi bölgələrində insanların dağıntılar altında qaldığı və zəlzələnin hiss olunduğu digər bir çox əyalətdə əmlaka qismən ziyan vurduğu binaların çökməsi barədə müxtəlif məlumatlar veriblər.
İzmir Bələdiyyə Başçısı Tunc Soyer vilayətdə 20-yə yaxın binanın çökdüyünü söyləyib. İzmir valisi dağıntılar altından 70 adamın çıxarıldığını söyləyib.
Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin gücünü 6.6 bal olaraq qiymətləndirib. ABŞ Geoloji Xidməti isə zəlzələnin 7.0 bal gücündə olduğunu bildirib. Yerli vaxtla təxminən 14:50-də baş verən zəlzələ Türkiyənin Egey sahili və Marmara bölgəsinin şimal-qərbində hiss olunub.
AFAD bildirir ki, yeraltı təkanların episentri İzmir vilayətinin sahillərindən 17 km aralıda, 16 km dərinlikdə olub. ABŞ Geoloji Tədqiqat Mərkəzi dərinliyin 10 km olduğunu, zəlzələnin mərkəzinin Türkiyə sahillərindən 33,5 km aralıda olduğunu bildirib.
Yunanıstanın Anti-seysmik Planlaşdırma Təşkilatının rəhbəri Eftyhmios Lekkas Yunanıstanın Skai TV-yə verdiyi açıqlamasında təxminən 45 000 əhalisi olan Samos adasının sakinlərini sahil bölgələrindən uzaq durmağa çağırıb.
Zəlzələnin hiss olunduğu İstanbulun valisi Əli Yerlikaya şəhərdə dağıntılar barədə məlumat olmadığını bildirib.
Türkiyə dünyanın ən çox zəlzələyə meylli ölkələrindən biridir. 1999-cu ilin avqust ayında İstanbulun cənub-şərqində yerləşən İzmit şəhərində 7.6 bal gücündə zəlzələ baş verməsi nəticəsində 17 mindən çox insan ölüb. 2011-ci ildə Van şəhərində baş verən zəlzələ nəticəsində 500-dən çox insan ölüb.
VOA