Bakıda keçirilən yürüş dağıdılıb, saxlanılanlar var
Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Bu, bir qrup aksiya iştirakçısının Milli Məclisin binasına daxil olmasından və polis avtomobilini aşırmasından sonra baş verib.
Öncə mitinqdə çıxışlar olub, səfərbərlik tələb edilib, ali baş komandanın çıxışı, bir sıra vəzifəli hərbçilərin istefası istənilib.
Mitinqçilərin qarşısına yüksək vəzifəli şəxslər çıxıb.
Gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Polis aksiyanı dağıdıb.
Aksiya iştirakçıları şəhərin müxtəlif istiqamətlərinə dağılıb. Sonda, səhərə yaxın Azadlıq meydanına toplaşan aksiyaçılar dağıdılıb. Çoxsaylı insan saxlanılıb.
Hüquq mühafizə orqanları hələ rəsmi məlumat yaymayıb.
Yürüş-mitinq iyulun 14-də gündüz saatlarında başlanıb. Aksiya Azərbaycan-Ermənistan səhədində hərbi toqquşmaların ardınca təşkil olunub.
Ötən günlərdə tərəflər arasında baş verən toqquşmalarda 10-dan çox hərbçi həyatını itirib.
Aksiya iştirakçıları Bakıda Qara Qarayev metro stansiyasının qarşısından başlayaraq Koroğlu metrosu-Azadlıq meydanı- Prezident Administrasiyası-Şəhidlər Xiyabanı marşrutu ilə 15 kilometrə yaxın məsafə qət edərək “Qarabağ!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ali Baş komandan silah ver bizə!”, “Ən böyük əsgər, bizim əsgər!”, “Azərbaycan əsgəri, vur yıx səngəri!” şüarları səsləndirib.
Sonda Milli Məclisin qarşısındakı meydanda mitinq keçirilib.