Azərbaycanında koronavirusla əlaqədar məhdudiyyətlər bərpa olunub
Son həftələrdə bütöv İranda və Azərbaycan vilayətlərində Covid-19 virusuna yoluxanların sayının artması və yenidən böhranlı vəziyyətin yaranması ilə bərabər karantin məhdudiyyətləri yenidən tətbiq olunub.
Qərbi Azərbaycan vilayəti məhdudiyyətləri yenidən tətbiq edən ilk vilayət olub, Qərbi Azərbaycanın mərkəzi olan Urmiyə şəhərinin valisi iyunun16-da virusa yoluxanların sayının artması və vəziyyətin ağırlaşması nəticəsində Urmiyədə bəzi məhdudiyyətlərin yenidən tətbiq olunacağını bildirib. Beləliklə şəhərdə maska taxmaq məcburi hala gəlib və bütün park və əyləncə məkanlarına giriş qadağan olub.
Qərbi Azərbaycanın valisi Məhəmməd Mehdi Şəhriyari isə vilayətin son vəziyyəti barədə verdiyi məlumatda son günlərdə koronavirusdan ölən azyaşlıların əvvəlki zamanla müqayisədə çoxalmasını vurğulayaraq deyib ki, “pandemiyanın ilk günlərində vilayətdə bu virusdan ölənlərin çoxunu yaşlılar təşkil edirdi, ancaq son günlərdə ölənlərin yaş ortalamasında azalma müşahidə olunur. Bu isə təhlükəli vəziyyət deməkdir.”
Qərbi Azərbaycanda virusa yoluxanların sayının yüksək olduğunu şəhərlərindən biri olan Sulduzda sıx məhdudiyyətlər bərpa olunub. İyunun 18-də Sulduz rəsmilərinin aldığı qərara görə, şəhərdə bütün yas və toy mərasimləri ilə bərabər vətəndaşların bir araya gəldiyi başqa tədbirlərin keçirilməsi qadağan olunub.
Qərbi Azərbaycan vilayətinin səhiyyə idarəsinin rəhbəri vilayətdə virusa yoluxanların 80 faizinin şəhər sakinləri olduğunu bildirib. Bu səbəblə də vilayətdə pandemiyaya nəzarət edən idarə bütün həftəlik heyvan bazarlarının qurulmasını qadağan edib.
İran Səhiyyə Nazirliyinin verdiyi son statistikalara əsasən, böhranlı vəziyyətdə olduğu bildirilən Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbrizdə məhdudiyyətlərin bir hissəsi yenidən bərpa olunub. Təbriz merinin iyunun 17-də aldığı qərara görə, şəhərdə maska taxmaq məcburi olub, park və əyləncə məkanlarına giriş isə qadağan olunub. Lakin Şərqi Azərbaycanın valisi Məhəmmədrza Purməhəmmədi nəqliyyat vasitələri ilə bağlı məhdudiyyətlərin həyata keçirilməsini təxirə salıb.
Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik işləri üzrə müavini hal-hazırda vilayətin dəyişkən və təhlükəli vəziyyətdə olduğunu bildirib.