Azərbaycanda “Müdafiə Xətti” adlı yeni hüquq müdafiə təşkilatı təsis edilib
Yeni təşkilatın təsisçiləri keçmiş müstəntiq, siyasi məhbus kimi tanınan Rüfət Səfərov, hüquqşünas Rəşid Hacılı, keçmiş vəkil Əlayif Həsənov, ictimai fəallar Zəfər Əhmədov, Sayğın Rüstəmli, Zaur Əkbər və jurnalist Təzəxan Mirələmlidir.
Təsisçilərin yığıncağında Rüfət Səfərov “Müdafiə Xətti”nin icraçı direktoru seçilib.
Təşkilat cəmiyyətə xüsusi manifestlə müraciət edib:
“Müdafiə xətti” Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. “Müdafiə Xəttinin” hədəfi habelə, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyət bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığı və şəffaflığın təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlükdə demokratiyanın inkişaf etdirilməsidir.
“Müdafiə Xətti”nin insan haqları sahəsində əsas fəaliyyət istiqamətlərinə insan haqları pozuntularının monitorinqi və sənədləşdirilməsi, məhkəmə çəkişmələrində hüquqi yardım, ciddi hüquq pozuntularına məruz qalmış şəxslərə psixoloji yardım göstərilməsi, onların ən zəruri ehtiyacları ilə bağlı maddi dəstəklənməsi üçün ianə toplanışı və yardımları təşkil etmək, insan haqlarının durumu barədə müntəzəm olaraq hesabatlar hazırlanması, həm ölkəiçi hökumət və sivil toplum qurumlarının, vətəndaşların, həm də Azərbaycanda insan haqlarının təmin edilməsində maraqlı olan beynəlxalq qurumların diqqətinə çatdırılması, həm milli, həm də beynəlxalq institutular qarşısında insan haqları sahəsində qanunvericilik və siyasət islahatlarını dəstəkləmə, lobbi işi, insan haqlarının durumu barədə gündəlik xəbər, açıqlama və rəylər yaymaqla ictimai məlumatlılığın yüksəldilməsi, insan haqları müdafiəçiləri, fəallar, jurnalist və bloqqerlər arasında insan haqlarının müdafiəsi sahəsində səylərin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə şəbəkələşməsi daxilir.VOA