Azərbaycan və Ermənistan arasında söz gərginliyi: Tərəflər bir-birini razılaşmaları “pozmaqda” ittiham edirlər
Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı günü keçirilən hökumət iclasında Azərbaycanla sülh müqaviləsinin olacağını və bu razılaşmanın “ən yüksək səviyyədə əldə edilən yazılı sənədlər əsasında” əldə ediləcəyini bildirib.
Ermənistanın yerli mediası Paşinyanın açıqlamasını Azərbaycan Prezidenti İlham Əliyevin martın 18-də Talış kəndində etdiyi çıxışa cavab kimi şərh edib.
Prezident Əliyev ötən həftənin şənbə günü bildirib ki, Ermənistanın “rahat yaşaması” üçün rəsmi Yerevan Bakının irəli sürdüyü şərtlər çərçivəsində sülh müqaviləsi imzalamalı, delimitasiya işləri aparmalı və “rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır”, president.az saytında qeyd olunub.
Ermənistan lideri Əliyevin tələbini ölkəsinə qarşı “aqressiya” adlandırıb və rəsmi Bakını mövcud vəziyyəti “yeni eskalasiyaya doğru” aparmaqda günahlandırıb.
Nikol Paşinyan nə deyib?
Bundan əlavə Paşinyan Azərbaycan prezidentinin öz çıxışlarında “Qərbi Azərbaycan” ifadəsini işlətməsini Ermənistanın suveren ərazilərinə “açıq təcavüz aktı” olaraq qiymətləndirib.
“2022-ci il oktyabrın 6-da Ermənistan və Azərbaycan BMT Nizamnaməsini və 1991-ci il Alma-Ata Bəyannaməsini rəhbər tutaraq bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bildiriblər. Tərəflər bu sənədlərin sərhəd delimitasiyası üzrə komissiyaların işləri üçün də əsas olacağını təsdiqləyiblər. Belə olan halda [Azərbaycan tərəfinin] bu cür açıqlamaları Ermənistan Respublikasına qarşı aqressiv davranış olmaqla yanaşı, ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların da kobud şəkildə pozulmasıdır”, – Ermənistanın Baş naziri deyib.
Azərbaycan nə cavab verib?
Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə buna cavab olaraq Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxladığına diqqət çəkərək bildirib ki, rəsmi Yerevanın Bakını beynəlxalq qaydaları pozmaqda ittiham etməsi “əsassız və qəbuledilməzdir”.
Nazirlik rəsmisi Ermənistan liderinin Qarabağdakı Talış kəndinin “etnik təmizlənməyə məruz qalması” ittihamını isə “absurd” adlandırıb.
“Həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir”, – nazirliyin bəyanatında qeyd olunub.
ABŞ sülh imkanından, Rusiya narahatlığından danışıb
ABŞ Dövlət Departamentinin rəhbəri Anthony Blinken çərşənbə günü Senat qarşısında dinləmə zamanı bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün imkan var.
“Düzdü bu imkanı şişirtmək istəməzdim, amma tərəflər arasında 30 illik münaqişəyə son qoya biləcək fürsət mövcuddur”, – Blinken deyib.
Rusiya isə Ermənistan və Azərbaycan arasında son vaxtlar “düşmən ritorikanın” artmasından narahat olduğunu bildirib.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi mətbuat konfransında Qarabağ ətrafında “insidentlərin artmasından və tərəflərin Laçın korridorunda yaranan vəziyyəti həll etməyə maraq göstərməməsindən” də narahatlığını ifadə edib.
Rusiyalı rəsmi açıqlamasında Bakı və Yerevan arasında “əsas problemlərin” ortaya çıxmasına görə Qərbin prosesə müdaxiləsini əsas gətirib.
“Əsas problemlər onlar [Qərb] ortaya çıxdıqdan sonra yarandı. Sülh və köməyə yönəlik çıxışların arxasında biz real prosesdə Qərbin bəyanatları ilə ziddiyət təşkil edən məqamları da görürük”, – Mariya Zaxarova qeyd edib.
Lakin Rusiyalı rəsmi həmin məqamların detalları barədə məlumat verməyib.