Azərbaycan respublikası və İranla sərhəd bağlanıb
Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı. Şənbə günü İrandan Azərbaycana qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkar edilib. Bununla da xəstələrin ümumi sayı 3-ə çatıb.
“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur”, – şənbə günü yayımlanan Nazirlər Kabinetinin qərarında deyilir.
Prezident Əliyev martın 3-də Azərbaycanda koronavirusla mübarizədə “lazımi tədbirlərin daha sürətli görülməsi üçün” 10 milyon manat vəsait ayırıb.
Azərbaycanda indiyədək 3 nəfərdə koronavirusun aşkarlandığı, 224 nəfərin isə koronavirus şübhəsi ilə həkim nəzarətində olduğu bildirilirdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev cümə axşamı günü keçirilən müşavirədə bildirib ki, Azərbaycanda hazırda ümumilikdə karantində 500-dək adam var.