Azərbaycanda və Ermənistanda hərbi vəziyyət elan olundu
Azərbaycan və Ermənistan qüvvələri arasında təmas xəttində hərbi əməliyyatların intensivləşməsinin ardınca hər iki ölkədə hərbi vəziyyət elan olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan edilib.
Oxşar addım Ermənistan rəhbərliyi tərəfindən atılıb, və bütün ölkə boyu hərbi səfərbərlik elan edilib.
Prezident Əliyevin fərmanına görə, sentyabrın 28-dən saat 21-dən səhər saat 6-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Naftalan şəhərləri daxil olmaqla cəbhəboyu rayonlarda komendant saatı tətbiq ediləcək.
Sənəddə həmçinin nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, yaşayış məntəqələrinə giriş-çıxışın məhdudlaşdırlması nəzərdə tutulur.
Ermənistan Baş Naziri Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırıb.
“İclasda hərbi vəziyyətin və qismən hərbi səfərbərlik elan edilməsi məsələsi müzakirə edilir,” Paşinyan Facebook səhifəsində yazıb.
Ermənistanda hərbi vəziyyət və ümumilli hərbi səfərbərlik elan edilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə Ermənistan qüvvələrinin hücumlarına cavab olaraq başlanan əks-hücum əməliyyatları nəticəsində bir neçə kənd, yüksəklik və Murov dağı silsiləsində Murov zirvəsinə nəzarət ələ keçirilib.
“Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb,” məlumatda bildirilir.
Ermənistan tərəfi azı 16 hərbi qulluqçusunun öldürüldüyünü, 100-dən çox əsgərinin yaralandığını bildirib.
Ermənistan Baş Nazirinin həyat yoldaşı Anna Hakobyan Xankəndinə gələrək yaralanmış erməni hərbçilərə baş çəkib.
Ermənistan müdafiə rəsmiləri Azərbaycana məxsus 3 helikopter, 20 dron və 30 tankı vurduqlarını bildirir.
Hər iki tərəf döyüş zonasından videolar yayıb.
ATƏT Minsk Qrupu atəşin dərhal dayandırılmasına və tərəfləri danışıqlar masasına qayıtmağa çağırır.
VOA