Azərbaycanda koronavirus: 51 yaşlı qadın ölüb
Azərbaycanda bir qadının koronavirusdan öldüyü təsdiqlənib, hökumət bu xəbəri təsdiqləyib.
51 yaşlı qadın bir müddət əvvəl İrana müalicə üçün səyahət edib. O, Azərbaycanda koronovirusdan ölən ilk qadındır.
Azərbaycana qayıtdıqdan sonra isə o, səhhətindəki xroniki problemlərə görə xəstəxanaya müraciət edib.
Nazirlər Kabineti martın 11-də 1969-cu il təvəllüdlü qadında infeksiyaya yoluxma halının aşkarlandığını açıqlamışdı.
Azərbaycanda koronavirus infeksiyasına yoluxanların rəsmi sayı bu ölüm hadisəsindən öncə 13 nəfər idi.
Qadının xəstəliyi
Koronavirusa yoluxmuş qadında həmçinin ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.
Eyni zamanda ağır gedişli autoimmun xəstəlik fonunda qadında ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkarlanıb.
Koronavirusun təsirilə qadında çoxsaylı orqan çatışmazlığı inkişaf edib və onun həyatını xilas etmək mümkün olmayıb, qərargah bildirib.
Onun ailə üzvlərinin və digər şəxslərin karantinə götürüldüyü qeyd edilir.
Martın 11-də İtaliyadan qayıdan 1997-ci il təvəllüdlü tələbədə də koronavirus aşkarlanıb.
Bundan əvvəl operativ qərargah daha iki yoluxma faktı barədə məlumat yayıb.
Operativ qərargah onu da bildirib ki, bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.
Onların 1973, 1997 və 1998-ci il təvəllüdlü olduğu qeyd edilir.
Koronavirus Azərbaycanda
Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb. Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı.
Martın 10-da verilən məlumata görə, Azərbaycanda 312 nəfər koronavirus şübhəsiylə saxlandığı karantindən buraxılıb.
Koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycanda bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi martın ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) dayandırılıb, Nazirlər Kabineti elan edib.
Bundan başqa bəzi imtahanlar təxirə salınıb.
Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib və toyların təxirə salınması tövsiyə edilib.
BBC