Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə beynəlxalq və yerli baxışlar
Azərbaycan-Ermənistan sərhədində baş verən insident Azərbaycanda və beynəlxalq aləmdə reaksiyalar doğurmadadır. Münaqişənin nizamlanmasına məsul olan ATƏT-in Minsk Qrupunun həmsədr institutu baş verən insidentə hələ münasibət bildirməsə də qonşu dövlətlər və Avropa İttifaqı bəyanatla çıxış edib.
Avropa Birliyi: Silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə çağırırıq
Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə aparıcı sözçüsü Peter Stanonun adından yayılmış bəyanatda deyilir ki, Avropa Birliyi tərəfləri silahlı qarşıdurmanı dayandırmağa, gərginlik yaradacaq hərəkət və ritorikadan çəkinməyə, vəziyyətin daha da qızışmaması üçün dərhal tədbirlər görməyə çağırır.
Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir.Avropa Birliyinin bəyanatından sitat
“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir. AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır,” bəyanatda deyilir.
Türkiyə XİN: Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanındadır
Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumu qətiyyətlə pislənilir.
Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yolu seçməlidir.Türkiyə Xarici İşlər Nazirliyi
“Həyatını itirən azərbaycanlı şəhidlər üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfa diləyirik. Ermənistanın xəstə təfəkkürlü millətçilik anlayışının yeni bir forması olan bu hücumun qarşısının Azərbaycan tərəfindən qətiyyətlə alınması təcavüzkar niyyətin cavabsız qalmayacağını göstərib. Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarından başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə edərək problemin siyasi dialoq yolu ilə həllinə mane olmaq cəhdləri nəticəsiz qalmaqdadır. Həddini aşan əməllərlə sərgüzəştlik etmək Ermənistanın zəifliyini ortaya qoyur, bölgəmizdəki sülh və sabitliyə qarşı böyük maneə yaradır. Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli, ağıllı və hüquqi yolu seçməlidir. Ümid edirik ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.Türkiyə ərazi bütövlüyünü qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək,” Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sergey Lavrov: Bölgədə gərginliyin artması yolverilməzdir
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsindən ciddi narahatlıq bildirir.
Rusiya Xarici İşlər Nazirliyi ölənlərin yaxınlarına başsağlığı verərək bildirir ki, vəziyyətin regionda təhlükəsizliyə təhlükə yaradacaq səviyyədə qızışması qəbuledilməzdir.
“Münaqişə tərəflərini təmkinli davranmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşməsi üçün gərəkən töhfəni verməyə hazırdır,” nazirliyin bəyanatında deyilir.
Münaqişə tərəflərini təmkinli davranmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq.Rusiya Xarici İşlər Nazirliyi
İyulun 13-də həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Serqey Lavrov ilə telefon danışığı baş tutub.
Nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib. O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.
Nazir S.Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.
Azərbaycanın siyasi partiyaları da sərhəddə baş verən insidentə münasibət bildirib
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, gənclərin döyüş əməliyyatları zamanı Tovuzun Ağdam kəndinə toplaşması, Bakının bəzi rayonlarında keçirilən aksiyalar, sosial şəbəkələrdə siyasi və ictimai fəalların baş verənlərə reaksiyalarının təhlilləri göstərdi ki, Azərbaycan cəmiyyəti ərazilərimizin işğaldan azad edilməsi uğrunda sonadək mübarizə aparmağa hazırdır.
“Ərazilərimizin bu illər ərzində işğal altında qalması bəzən iddia edildiyi ki, xalqın vətən uğrunda fədakar mübarizəyə hazır olmaması ilə yox, hakimiyyətin fərsətsizliyi ilə bağlıdır. Düzgün siyasət yeritməklə qısa müddətdə ölkənin bütün resurslarını səfərbər etmək, cəmiyyəti “Qarabağa azadlıq” şüarı altında birləşdirmək və nəticəyə nail olmaq mümkündür. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirəm,” Arif Hacılı qeyd edib.
Siyasi hakimiyyətə tənqid və iradlarımız çoxdur. Ancaq hamı, ilk növbədə ordumuz bilsin ki, bütövlükdə xalq olaraq dualarımız əsgər və zabitlərimizlədir.AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli başçılıq etdiyi partiya heç zaman siyasi hakimiyyətlə ordunu eyniləşdirməyib.
“Siyasi hakimiyyətə tənqid və iradlarımız çoxdur. Ancaq hamı, ilk növbədə ordumuz bilsin ki, bütövlükdə xalq olaraq dualarımız əsgər və zabitlərimizlədir. Ordumuza mənəvi-siyasi dəstəyimiz tamdır. Allah Azərbaycan əsgərini qorusun,” o qeyd edib.
Iqtidarda olan Yeni Azərbaycan Partiyası bildirib ki, Tovuz istiqamətində baş verən döyüşlər Azərbaycan Ordusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üstünlüyünün, əsgər və zabitlərin qəhrəmanlığının, döyüş şücaətinin yeni nümunəsi sayıla bilər.
“Ali Baş Komandanımız cənab İlham Əliyev əmin ola bilər ki, rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü müsəlləh əsgər kimi onun əmri ilə vətən yolunda fədakarlıq və qəhrəmanlıq göstərməyə hər an hazırdır. Ali Baş Komandanımızın müdrik rəhbərliyi altında Silahlı Qüvvələrimizin düşmənin istənilən təxribatına bundan sonra da layiqli cavab verəcəyinə, işğal altında olan torpaqlarımızı azad edəcəyinə, vətən yolunda həlak olan bütün şəhidlərimizin, o cümlədən Tovuz istiqamətində döyüşlərdə şəhid olmuş baş leytenant Rəşad Mahmudovun, çavuş Vüqar Sadıqovun, baş əsgər Elşad Məmmədovun və əsgər Xəyyam Daşdəmirovun qanının yerdə qoymayacağına dərindən inanırıq. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!” partiyanın bəyanatında deyilir.
VOA