Azərbaycan-Ermənistan sərhədində atışma olub, hər iki tərəfdən ölən və yaralananlar var
Aprelin 11-də Azərbaycan və Ermənistanın sərhədində qarşılıqlı atışma olub. Tərəflər bir-birini aprelin 11-də növbəti atışma törətməkdə ittiham edib. Hər iki tərəfdən həlak olanların və yaralananların olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi (Bakıdan 490 kilometr qərb) istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
“Ermənistan tərəfinin təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Zalov, Elşad Həsənov və Səbuhi Tağıyev şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür”, Müdafiə Nazirliyi bildirir.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Tex kəndi ərazisində mühəndis işləri aparan Ermənistan silahlı qüvvələrinin bölmələri atəşə tutulub.
“Aprelin 11-də Azərbaycan təxribatı nəticəsində Ermənistanın suveren ərazisini müdafiə edən hərbçilər Artur Saakan, Mkrtıç Arutunyan, Henrik Koçaryan, Narek Sarkisyan həlak olub. Daha 6 hərbçi yaralanıb”, məlumatda deyilir.