Avropa ölkələri koronavirusla əlaqədar yenidən məhdudiyyətlər tətbiq edir
Britaniya dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayının bir milyondan çox olduğu 9-cu ölkədir.
Con Hopkins Universitetinin Coronavirus Resurs Mərkəzinə əsasən, bazar gününə olan məlumata görə, Britaniyada 1 014 794 yoluxma və 46 645 ölüm halı qeydə alınıb.
Baş nazir Boris Conson COVID-19 halları artdıqca həftələrdir ölkə üzrə karantin çağırışlarına müqavimət göstərdikdən sonra şənbə günü Fransa, Almaniya və Belçikadakı həmkarlarına qatılaraq, karantin tətbiq edilməsi haqda göstəriş verib.
Yeni məhdudiyyətlər Britaniyada cümə axşamı qüvvəyə minəcək və bir ay müddətində qüvvədə qalacaq. Uelsdə keçən həftə karantin elan edilib, Şotlandiya liderləri isə bildiriblər ki, növbəti günlər ərzində Şotlandiyada karantin tətbiq edilməsinə ehiyac olub-olmadığı aydın olacaq.
Bununla belə məktəblər, universitetlər və məhkəmələr açıq qalacaq. Tikinti sənayesi də fəaliyyətini davam etdirəcək. Lakin qeyri-əhəmiyyətli kiçik mağazalar və restoranlar bağlanacaq.
Bu arada, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada hələ də birinci yerdədir. Con Hopkins Universitetinə əsasən, bazar günü səhərə olan məlumata görə, son 24 saat ərzində təxminən 80 000 yeni infeksiya ilə ABŞ-da koronavirusa 9 127 100 yoluxma halı qeydə alınıb. Koronavirus nəticəsində ölənlərin sayı son 24 saatda 850-dən çox olub. ABŞ-da koronavirus nəticəsində ölənlərin sayının 230 566 nəfər olduğu bildirilir.
ABŞ-dan sonra koronavirusa yoluxma hallarının sayına görə Hindistan, Braziliya, Rusiya, Fransa, İspaniya, Argentina, Kolumbiya gəlir. Bu ölkələrin hər birində və indi Britaniyada bir milyondan çox yoluxma halı təsdiq edilib.
Xəstəliyin yeni dalğası liderləri epidemiyanın qarşısını almaq üçün yeni tədbirlər görməyə vadar edir.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis şənbə günü ölkənin əksər yerlərində barlar, kafelər, kinoteatrlar və idman salonlarının çərşənbə axşamı günündən etibarən bağlanacağını açıqlayıb.
Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi məlumata görə, 27 ölkədən ibarət olan Avropa İttifaqı ölkələri arasında pandemiyanın ən çox təsirinə məruz qalan ölkə olan Belçikada cümə günü pandemiyaya nəzarət məqsədi ilə qismən karantin tətbiq edilib.
Belçikada infeksiya nisbəti 100 000 adama 1600 yoluxma halı nisbətindədir. Müqayisə üçün, İspaniya və İtaliyada bu göstərici bunun üçdə birindən azdır. Digər tərəfdən, Belçikadakı xəstəxanalarda demək olar ki, boş çarpayı yoxdur.
Fransada prezident Emmanuel Makron cümə günü qüvvəyə minən yeni məhdudlaşdırıcı tədbirləri açıqlayıb. Buraya restoranlar, barlar, kafelər və digər qeyri-əhəmiyyətli müəssisələrin bağlanması daxildir. Vətəndaşlar evlərindən yalnız işə, alış-verişə və həkimə getmək üçün çıxa bilərlər.
Almaniya kansleri Angela Merkel bazar ertəsi günü qüvvəyə minəcək bir ay davam edən karantin müddətində bənzər tədbirlərin tətbiq ediləcəyini elan edib. Restoran və barlara əlavə olaraq, bütün idman salonları, teatrlar və opera teatrları bağlanacaq, lakin əksər müəssisələr, dükanlar və saç salonlarının açıq qalmasına icazə veriləcək.
Con Hopkins Universitetinin statistikasına əsasən, dünya üzrə bazar gününə qədər ümumilikdə COVID-19-a 46,1 milyondan çox yoluxma halı təsdiq edilib, koronavirus nəticəsində ölənlərin sayı isə təxminən 1,2 milyon təşkil edib.
VOA