Araz Süleymani: İqtisadi çətinliklər ən çox qeyr-fars icmalar, qadınlar və uşaqları hədəf alır
Ərdəbildən Amerikanın Səsinə danışan sosioloq Araz Süleymani İranda iqtisadi və ictimai problemlərin ölkənin müxtəlif bölgələrində fərqli etnik icmalar və sosial siniflərə təsirini şərh edib.
Süleymani iqtisadi çətinliklərdən ən çox türklər və digər qeyri-fars icmaların təsirləndiyini və bu icmalar içində də, qadınlar, uşaqlar və yaşlılar kimi müdafiəsiz qrupların ən çox zərər gördüyünü vurğulayır.
Misal üçün qeyri-fars bölgələrdə mərkəzi bölgələrdən daha çox uşaq evliliyi problemi ilə qarşılaşırıq.
O, İranın müxtəlif vilayətlərinə ayrılan büdcə vəsaiti, həmçinin sənaye mərkəzləri, səhiyyə, dərman və məşğulluq sahələrində statistik məlumatları şərh edərək, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan kimi vilayətlərin ən pis durumda olan vilayətlər arasında olduqlarını bildirir.
“İctimai problemlər tək-yönlü məsələlər deyil, çoxsəviyyəli və çoxtərəfli məsələlərdir. Burada kültürəl məsələlər, siyasi və iqtisadi məsələlər və toplumun xüsusiyyətləri də çox rol oynayır. Məsələn İranın mərkəzi bölgələrində iqtisadi problemlərin çox rolu olsa da, Azərbaycan və digər qeyri-fars bölgələrdə bu, kültürəl problemlər ilə də birləşir. Misal üçün qeyri-fars bölgələrdə mərkəzi bölgələrdən daha çox uşaq evliliyi problemi ilə qarşılaşırıq,” Araz Süleymani deyir.
Ərdəbildə yaşayan sosioloq İrana qarşı tətbiq edilən sanksiyaların mənfi nəticələrinin də ən çox Azərbaycan kimi qeyri-fars icmaların yaşadığı bölgələrdə göründüyünü önə çəkir.
Aşağı təbəqələr və rəsmi [statusu] olmayan etnik icmalar daha ağır vəziyyətdədirlər. Bu şəraitdə qadınlar daha çox müsibət içində yaşayır.
Süleymani son illər İran Azərbaycanındakı iqtisadi və ictimai problemlərin “orqan satmaq, uşaq satmaq, evlənmə və boşanma problemlərinin artması, bürokratiyanın disfunksiya vəziyyətinə düşməsi, ictimai aqressiyanın çoxalması nəticəsində suç, cinayət, narkomaniya və ailə içində xüsusilə qadınlar və uşaqlara qarşı zorakılığın artması, xüsusilə qadınlar arasında işsizliyin artması, yoxsulluq və evsizliyin çoxalması, qocalar və uşaqların belə iş axtarmağa başlaması və zibillikləri axtarınların çoxalması” kimi formalarda təzahür etdiyini qeyd edir.
Onun söylədiklərinə əsasən, “İran əhalisinin 70 faizi yoxsulluq həddindən aşağı bir səviyyədə yaşayır və bu 70 faizin çoxu Azərbaycan və digər qeyri-fars bölgələrdəndir. Aşağı təbəqələr və rəsmi [statusu] olmayan etnik icmalar daha ağır vəziyyətdədirlər. Bu şəraitdə qadınlar daha çox müsibət içində yaşayır. Qadınlar daha çox işlərindən qovulur. İş tapma şansları da kişilərdən daha azdır.”