Apellyasiya məhkəməsi milli fəal Şahin Bərzigərin hökmünü dəyişib
Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinin 28-ci şöbəsi milli fəal Şahin Bərzigər haqda qərarını açıqlayıb.
Amerikanın Səsinin İran Azərbaycanındakı insan haqları fəallarından əldə etdiyi məlumata əsasən, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 28-ci şöbəsi milli fəal Şahin Bərzigərə ilkin məhkəmə tərəfindən verilən 3 ay həbs cəzasını 3 milyon tümən pul cəzası ilə dəyişib.
Şahin Bərzigər daha öncə birinci məhkəmə zamanı hakim Rəhim Həmlbərin sədrliyi ilə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamından suçlanaraq bir il həbs cəzasına məhkum edilmişdi.
Apellyasiya Məhkəməsi tərəfindən verilən hökmdə birinci məhkəmə tərəfindən irəli sürülən “İran islam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı bir daha təsdiqlənib, ancaq 1 il həbs cəzası 3 ay və 3 milyon tümən pul cəzası ilə əvəz edilib.
Şahin Bərzigər keçən il noyabrda İranda baş verən kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə atasının evində həbs edilmişdi. O, 77 gün təhlükəsizlik qüvvələrinin nəzarətində qaldıqdan sonra Təbriz mərkəzi həbsxanasına köçürülüb və 21 gün həbsxanada saxlanıldıqdan sonra 600 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Daha sonra iki fərqli ittihamdan iki müxtəlif məhkəmədə mühakimə edilən Bərzigər Təbrizin 2-ci Cinayət Məhkəməsinin 112-ci şöbəsində “ictimai qaydanı pozmaq” ittihamından bəraət alıb və İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən isə 1 il həbs cəzasına məhkum edilib.
Bərzigər 2018-ci ili iyulun 25-də tanınmış sənətkar və milli fəal, mərhum Həsən Dəmirçinin dəfn mərasimdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O daha sonra İran islam Respublikasına qarşı təbliğat aparmaq ittihamından 3 ay həbs cəzasına məhkum olub. Bərzigər verilən hökmə etiraz etsə də apellyasiya məhkəməsi onun şikayətini təmin etməyib.
Amnesty İnternational təşkilatı İranda ötən il noyabr etirazlarında azı 304 nəfərin öldüyünü, Reuters agentliyi isə 1500 nəfərin iki həftəlik etirazlar zamanı öldürüldüyünü bildirsə də, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri iyunun 1-də noyabr etirazları zamanı 230 etirazçının aksiyalarda həyatını itirdiyini və 2000 nəfərdən çox vətəndaşın yaralandığını bildirib.
VOA