ABŞ və İran Vyanada çoxtərəfli danışıqlar aparacaq
İran və ABŞ cümə günü bildirib ki, Tehranla dünya gücləri arasında 2015-ci il nüvə razılaşmasını yenidən canlandırmaq çərçivəsində çərşənbə axşamı Vyanada dolayısı ilə danışıqlar aparacaq.
Tehran üz-üzə müzakirələri rədd edib. Lakin Vaşinqton həm İranın, həm də ABŞ-ın Avstriya paytaxtında olmasını “sağlam bir addım” kimi qəbul edib və razılıq əldə edilməsi üçün hər tərəfin səylərinin mərkəzləşdirilməsinə yardım edəcəyini deyib.
Müqavilənin koordinatoru olan Avropa İttifaqının rəsmisi məqsədin iki ay ərzində bir razılığa gəlmək olduğunu deyib. İyun ayında İranda seçkilər keçiriləcək.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə müqavilədən çıxıb və İrana qarşı sanksiyaları yenidən bərpa edib ki, bu da İranın müqavilənin bəzi şərtlərini pozmasına səbəb olub.
Xələfi Co Bayden bu anlaşmanı yenidən canlandırmaq istəyir, lakin Vaşinqtonla Tehran arasında ilk addımı kimin atacağı ilə bağlı fikir ayrılığı mövcuddur.
“İranla ABŞ eyni şəhərdə olacaq, eyni otaqda deyil” – deyə, Avropanın diplomatik mənbəyi bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıqların Avropa İttifaqının İran da daxil olmaqla,yaradacağı işçi qrupları ətrafında baş tutacağını deyib.
Vaşinqtonun Tehranla birbaşa danışıqlara hazır olduğunu deyən sözçü “Biz dərhal bir irəliləyiş gözləmirik. Qarşıda çətin müzakirələr olacaq. Lakin biz bunun sağlam bir irəliləyiş olduğuna inanırıq” deyib.
2015-ci il müqaviləsinin bütün tərəfləri – İran, Çin, Rusiya, Fransa, Almaniya və Britaniya irəliləyişlə bağlı cümə günü virtual danışıqlar aparıb.
VOA