Abbas Nikrəvan 91 gün həbs cəzasına məhkum edilib
Qərbi Azərbaycanın Salmas şəhərində yaşayan Azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan Salmas Cinayət Məhkəməsinin 102 saylı şöbəsi tərəfindən 91 gün həbs cəzasına məhkum edilib.
Bu hökm İslami Cinayət Məcəlləsinin 500-cü maddəsinə əsaslanaraq “kiber məkanda İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə cənab Nikrəvana verilib.
Abbas Nikrəvan 5 Sentyabrda Qərbi Azərbaycan əyalətinin Salmas şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutularaq bilinməyən yerə köçürülmüşdü və daha sonra Urmiyə kəşfiyyatına təhvil verilmişdi.
Azərbaycanlı fəal məhkəmənin ilkin mərhələsində “İran İslam Respublikası rejiminə qarşı təbliğat aparmaq”, “ictimai rəyi qarışıqlığa təşviq etmək” və “müxalif qruplara üzv olmaq” ilə ittiham olunmuşdu.
Salmasda yaşayan Azərbaycanlı musiqiçi və mədəni fəal Abbas Nikrəvan 21 Sentyabr 2021-ci ildə Urmiyə Mərkəzi Həbsxanasından məhkəməyə qədər 600 milyon Tümən girov qarşılığında sərbəst buraxılmışdı.
Abbas Nikrəvan, Şəbistər şəhərinin Nadarlı kəndindən olan musiqiçi və mədəni fəaldır. O mədəni və xeyriyyəçilik fəaliyyətinə görə dəfələrlə saxlanılıb.
2015-ci ilin Fevral ayında təhlükəsizlik qüvvələri cənab Nikrəvanı Miandoab şəhərində xərçəng xəstələrinə və kimsəsiz uşaqlara dəstək üçün vermək istədiyi konsertini ləğv etdi və üç günlük konsertin qarşısını aldı. Təhlükəsizlik qüvvələri 2019-cu ilin İyul ayında Babək Qalasının illik Qurultayı ilə eyni vaxtda Abbas Nikrəvanı onlarla mədəniyyət iştirakçısı ilə birlikdə həbs etdi.