Abbas Lisaninin həbsi qınanılır
Milli fəal Abbas Lisaninin Ərdəbilin İnqilab Məhkəməsi tərəfindən verilən 15 il həbs və 2 il sürgün cəzası İran Apellyasiya və Ali Məhkəmələr tərəfindən qüvvədən saxlanması reaksiyalara nədən olub. Bir çox siyasi fəal İran Azərbaycanında bu hökmü qınayıb.
Abbas Lisaniyə verilən cəza hökmü ilə bağlı reaksiyalar İran Azərbaycanı ilə məhdudlaşmır və Azərbaycan Respublikasının tanınmış siyasi simaları və bəzi İran İslam Respublikası müxalifətinin tanınmış şəxsiyyətləri ona münasibət bildirib.
İranlı tanınmış insan haqları müdafiəçisi Həsən Nayib Haşim Lisaniyə verilən hökmə etirazını bildirərək deyib ki, Lisani illərdən bəri mədəni fəaliyyətlərlə məşğul olub və bu 15 il həbs ədalətsizcəsinə verilən bir cəzadır, o, milli fəal Abbas Lisanini İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəçisi olduğunu söyləyərək, onundər hal sərbəst buraxılmasını tələb edib.
İran parlamentinin sabiq deputatı Dr. Nurəddin Pirmüəzzin bu hökmə münasibət bildirən daha bir şəxs olub. İki dönəm İran parlamentində Ərdəbil millət vəkili olan Pirmüəzzin bu barədə deyib ki, hər zaman diktatura hökumətləri xalq qəhrəmanlarını həbsdə tutmağa çalışar. O həmçinin bildirib ki, bu barədə digər fəallar və keçmiş deputatlar vasitəsi ilə məsələni BMT-nin İran üzrə xüsusi məruzəçisinə bildirərək İranda yaşayan Azərbaycan millətinin etiraz səsini dünyaya eşitdirəcəyik.
İranda yaşayan ərəblərin hüquq müdafiəçisi və İran yazarlar birliyinin üzvü, tərcüməçi və tədqiqatçı siyasi fəal Yusif Əzizi Bənitorof Abbas Lisaninin 15 il həbs cəzasının Ali Məhkəmə tərəfindən təsdiqlənməsindən sonra bildirib ki, “cənab Lisani bir mədəni türk fəalıdır və öz xalqının mədəni və hüquqi istəklərinin bəyan etmək xaricində hər hansı bir fəaliyyəti olmayıb. Lisani öz xalqı üçün həbsxananın çətinliklərinə dözür, İran hökuməti dərhal bu milli fəalı sərbəst buraxmalıdır”.
ABŞ-ın Baltimor Universitetinin siyasi elmlər üzrə müəllimi və İranda Lur xalqının hüquqlarının müdafiəçisi, Lurestanat Partiyasının baş katibi Fərəməz Bəxtiyari Lisaninin 15 il həbs cəzasına etiraz edərək bu hökmü qınayıb və bildirib ki, Lisani İranda Azərbaycan xalqının müdafiəçisi olub və xalqının haqları üzrə mədəni mübarizə aparan bir fəaldır və bu fəaliyyətlər siyasi cinayət deyil.
Ötən günlərdə Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn Amerikanın Səsinə verdiyi müsahibədə də Abbas Lisaniyə qarşı verilən hökmün Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarına qarşı hökm olduğunu deyib.
Milli fəalın 15 il həbs hökmünə reaksiya bildirən digər azərbaycanlı siyasi fəal Müsavat Partiyasını rəhbəri Arif Hacılı Facebook hesabından yaydığı yazıda hər bir imkan və fürsətdən bu milli fəalın səsini dünyaya çatdırmalıyıq deyib.
İranda türkmənlərin yaşadığı Türkmənsəhra insan haqları müdafiə kampaniyasının üzvü və əski siyasi məhbus Sadiq Rəcəbiyan bu hökmü beynəlxalq hüquqazidd bir cəza adlandırıb və Abbas Lisani və həbsdə olan digər mədəni fəalların dərhal sərbəst buraxılmasını tələb edib.
İranda ən tanınmış müxalifət qruplarında olan Keçid dövrü İdarəetmə Şurasının gənclər üzrə katibi Kaveh Şirzad milli fəalın həbs hökmünü məhkum olunan şəxsin fikirləri ilə razılaşıb-razılaşmadığımızın əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan budur ki hər kəs sərbəstcəsinə işgəncə və həbsdən çəkinmədən öz baxışlarını açıqlayıb və ifadə etməlidir. Abbas Lisani və onun kimi fəallar sərbəst buraxılmalı və onların yerinə cinayətkar və oğrular həbs edilməlidir.
Təxminən dörd həftə öncə Amerikada yerləşən United For İran adlı insan haqlarının müdafiəsi qrupu Abbas Lisaninin azadlığı üçün imza kampaniyası başladıb.
VOA