Abbas Lisani Ərdəbil həbsxanasına qaytarılıb
İran Azərbaycanında 15 illik həbs cəzasını çəkməkdə olan tanınmış siyasi fəal Abbas Lisaninin 4 günlük müalicə məzuniyyəti başa çatıb.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəal şənbə günü yenidən Ərdəbil şəhərinin mərkəzi həbsxanasına qaytarılıb.
Lisani avqust ayının 30-da 800 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə çıxmışdı.
2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisani 15 il həbs və İranın Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilib.
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman bu yaxınlarda BMT-nin Baş Məclisinə təqdim təqdim etdiyi yeni hesabatında Abbas Lisani, habelə Tehran həbsxanasında saxlanılan türk dil haqları fəalı Əlirza Fərşinin vəziyyətinə diqqət çəkib.
Cavid Rəhman hesabatında Lisani və Fərşi kimi fəalların azlıqların hüquqlarını müdafiə etdikləri üçün İran hakimiyyəti tərəfindən hədəf alındığını önə çəkib.
Abbas Lisani göstərdiyi fəaliyyətlər səbəbilə keçən illərdə dəfələrlə həbs və mühakimələrə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.
VOA