8 il həbsdən sonra milli fəal Lətif Həsəninin hökmü 6 ilə endirilib
Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi 2013-cü ilin fevral ayından bəri Kərəcin Rəcayi-şəhr həbsxanasında saxlanılan türk fəal Lətif Həsəni haqqında yeni hökm çıxarıb.
Siyasi fəlın vəkili Cəfər Afşarniyanın sosial mediada paylaşdığı məlumata görə, “məhbusun 9 illik həbs hökmü yeni qərara əsasən 6 il 8 aya endirilib. ‘Cəzaların birləşdirilməsi qanununa’ uyğun olaraq bu hökmün 6 ili tətbiq edilə bilər.”
Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının təsisi ilə əlaqədar həbs və mühakimə edilmiş Lətif Həsəni 8 ildir həbsdədir. Vəkil Afşarniyanın bildirdiyinə görə, “yeni hökm həbsxananın icra dairəsinə çatdığı zaman cənab Həsəni sərbəst buraxılmalıdır.”
Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni 2013-cü ilin ilk həftələrində təşkilatın Mərkəzi Komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə ilə birlikdə nəzarət altına alınııb.
O daha sonra Təbriz İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşma təşkil etmək” ittihamı ilə 8 il, “İran İslam Respublikasına qarşı təbliğat” ittihamı əsasında isə 1 il həbs cəzasına məhkum edilib.
Məhbusun vəkilinin sosial mediada surətini paylaşdığı yeni məhkəmə sənədində yazılanlara əsasən, “təqribən 8 ay əvvəl İslami Cəza Qanununda aparılan islahatı diqqətə alaraq dosyeni yenidən dəyərləndirib və ‘qanunsuz qruplaşma ittihamı’ ilə əlaqədar həbs hökmü 6 il, ‘nizama qarşı təbliğat ittihamı’ ilə əlaqədar isə 8 ay olaraq dəyişdirilir. Cəzanın ən ağır qismi (6 il) tətbiq ediləcək.”
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq bölümündə doktorluq dərəcəsi ilə məzun olan Lətif Həsəni Rəcayi-şəhr həbsxanasında saxlanıldığı təqribən 8 il müddətində dəfələrlə aclıq aksiyası keçirib.
VOA