3 milli fəal həbsxanaya qaytarılıb
İranda Koronavirus pandemiyası səbəbi ilə məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbuslar Cəfər İsmayılzadə və oğlu Milad Cəfərzadə Təbrizin Mərkəzi həbsxanasına və Cəfər Rüstəmzadə Tehranın Evin həbsxanasına qaytarılıb.
Amerikanın Səsinin İran Azərbaycanında insan haqları müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, milli fəallar ata və oğul İsmayılzadələr avqustun 15-də məzuniyyətləri bitmək ilə həbsxanaya dönüblər, ancaq Milad İsmayılzadə Təbrizin Ettelaat İdarəsinin çağırışı nəticəsində həmin idarənin saxlama mərkəzinə götürülüb.
Milad İsmayılzadənin Təbriz Ettelaat İdarəsinə çağırış səbəbi barəsində heç bir məlumat yayılmayıb.
İranda insan haqlar üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin verdiyi məlumata əsasən, Ettelaat idarəsinə çağırılan Milad İsmayılzadə iki gün saxlanıldıqdan sonra 17 avqustda sərbəst buraxılaraq həbs cəzasının davamı üçün Təbriz Mərkəzi həbsxanasına köçürülüb.
Həmçinin milli fəal Cəfər Rüstəmi-radın Evin Həbsxanasına qaytarıldığı bildirilir.
Pandemiya səbəbi ilə Rüstəmi-rada verilən bir aylıq məzuniyyət müddəti avqustun 20-də bitərək həbsxanaya qaytarılıb. Cəfər Rüstəmi-rad 2018 iyulda Babək qalası tədbirləri zamanı Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq bir ay nəzarətdə saxlanıldıqdan sonra zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi türk fəalı İran İslam Respublikasına qarşı təbliğat aparmaq ittihamından 6 ay həbs cəzasına məhkum etmişdi.
Milli Fəallar Cəfər və Milad İsmayılzadə keçən ilin mayında İslam İnqilabı Qvardiyasının təhlükəsizlik qurumu tərəfindən saxlanılaraq 5 gün sonra zəmanət qarışlığında müvəqqəti sərbəst buraxılmışdı. Ata və oğul daha sonra Təbrizin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “separatçı elanlar yaymaq, ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti aparmaq” ittihamından suçlanaraq 6 ay həbs cəzasına məhkum olunmuşdular. Təbrizin Apellyasiya Məhkəməsi eyni hökmü təsdiqləmişdi.
Onlar iyun ayında Təbriz məhkəməsinin icra şöbəsi tərəfindən nəzarətə alınaraq 6 aylıq həbs hökmünün icrası üçün Təbriz Mərkəzi həbsxanasına köçürülüb.