12 siyasi fəal Ərdəbil cəza məhkəməsində hakim qarşısına çıxarılıb
Bir həftə öncə Ərdəbil İnqilab Məhkəməsində hakim qarşısına çıxarılan 12 siyasi fəalın növbəti məhkəmə iclası bazar günü Ərdəbil Cəza Məhkəməsinin 102-ci şöbəsində keçirilib.
Pərviz Siyabi Gürcan, Hüseyn Balaxanı İsalı, Murtəza Pərvin, Hamid Heydəri, Məhəmməd Colani Ocaq, Mustafa Pərvin, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Muctaba Pərvin, Əsgər Əkbərzadə və Səccad Colani Keçən ilin sentyabr ayında Azərbaycan Respublikasına dəstək mitinqləri ilə əlaqədar nəzarət altına alınmışdılar.
Bu fəallar Ərdəbil Cəza Məhkəməsində “vəzifə başında olan polis məmurlarına itaətsizlik” və “qarışıqlıq yaradaraq ictimai asayişi pozmaq”, İnqilab Məhkəməsində isə “ali dini lideri aşağılamaq” və “milli təhlükəsizliyə qarşı toplaşma və əlbir olmaq” ittihamları ilə mühakimə edilirlər.
12 türk fəal 2020-ci ilin sentyabr ayının 29-da bir neçə digər vətəndaşla birlikdə Ərdəbilin Cıral Parkında keçirilən Qarabağa dəstək mitinqində nəzarət altına alınıb və daha sonra müvəqqəti azadlığa buraxılmışdılar.
Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylar ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarılıb, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.
VOA