1 xordad 1385 ;Sulduzda həlak olanların ailələrinə heç bir izahat verilmir
«Urmu News» xəbər saytının məlumatına görə Sulduzda dinc nümayişlər zamanı güllələnən 17 yaşlı Hüseyn Fəthipur, 25 yaşlı Tohid Azəriyun, 35 yaşlı Hümmət İsmizadə və 39 yaşlı Əsgər Qasiminin valideynləri bütün təhdidlərə rəğmən hadisədən dərhal sonra məsələnin tədqiq edilməsi üçün müxtəlif hökumət orqanlarına müraciət etmişdilər. Onlar silahsız əhalinin üzərinə atəş açan vəzifəli şəxslərin qanun qarşısında məsuliyyət daşıması və bu haqda məhkəmə işi qaldırılmasını tələb etmişdilər. Lakin, onların ardıcıl məktub və müraciətləri bu günə qədər cavabsız qalır, yerli vəkillər onları təmsil etməkdən çəkinir və İranın rəsmi mətbuatı da bu haqda susur.
Bir il bundan əvvəl İranın rəsmi hökumət qəzetinin bəzi karikaturalarla azərbaycanlıları təhqir etməsi ölkənin bütün Azərbaycan şəhərlərində kütləvi etirazlara səbəb olmuşdu. Həmin vaxt Sulduz şəhərində polis və silahlı dəstələrin nümayişçilərə atəş açması nəticəsində 20-ə yaxın insanın güllələndiyi söylənilsə də İranın rəsmi dövlət televiziyası ilk əvvəl altı vətəndaşın, daha sonra dörd nəfərin öldürüldüyünü bildirmişdi.
Həlak olanlardan üçü-Hüseyn Fəthipur, Himmət İsmizadə və Tohid Azəriyunun Sulduzun «Şəhidlər Məzarında» torpağa tapşırılıb. Əsgər Qasiminin məzarı isə Sulduzun yaxınlığındakı Məmmədyar qəsəbəsində yerləşir.
Həlak olanlardan gənc şair Tohid Azəriyunun anası «Urmu News» xəbər saytına verdiyi müsahibədə oğlunun nümayişlər günü həlak olduğu, lakin onun meyitinin ailəsindən gizlədildiyini bildirib. Onun dediyinə görə təhlükəsizlik orqanları hadisənin sabahısı gün ona yalnız bir neçə saniyə oğlunun meyitini görməyə icazə vermişdilər.
Həlak olanların cəsədləri ailə üzvlərinin israrından sonra onlara təhvil verilmişdi və dəfn mərasimi də ciddi təhlükəsizlik tədbirləri və silahlı qüvvələrin nəzarəti altında keçirilmişdi.
Sulduzda 24 may hadisələrinin ilk anım mərasimində şəhər əhalisinin həlak olanların məzarı üstə toplaşdığı vaxt 30-a yaxın insan nəzarət altına alınmışdı. Onların çoxu az sonra azad edilsə də bir neçəsinin taleyi bu günə qədər bilinmir.