Ərdəbilli fəal həbsxana məmurları tərəfindən ağır şəkildə döyülüb
Ərdəbil Həbsxanasında saxlanılan güneyli siyasi məhbus Yusuf Kari həbsxana məmurları tərəfindən ağır şəkildə döyülüb.
Amerikanın Səsi bu məlumatı insan hüquqları fəallarından əldə edib.
Eyni bölmədə saxlanılan məhbuslar siyasi məhbusun döyüldüyü barədə ailəsinə telefonla məlumat verib. Onun ailəsi vəziyyəti və hadisənin səbəbləri ilə bağlı məhkəmə və həbsxana səlahiyyətlilərinə müraciət etsə də, onlara heç bir cavab verilməyib.
Aprelin 11-də həbsxana məmurları birinci bölmədə axtarış aparıb və Yusuf Kari onların bu rəftarına qarşı etiraz etdiyi üçün ağır bir şəkildə döyülüb.
Məhbusların dediyinə görə, həbsxana məmurları Yusuf Karinin əlləri və ayaqlarına qandallayaraq onu qrup halında döyüblər. Döyülmə nəticəsində üzü və başından ağır xəsarət alan milli fəalı naməlum bir yerə köçürülüb. İndiyə qədər Karinin vəziyyəti və harada saxlandığı barədə məlumat verilməyib.
Kari 2019-cu ilin sentyabr ayının 3-də Ərdəbilin Şəriəti Meydanında İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
O, məhkəmənin birinci mərhələsində “milli təhlükəsizliyi pozmaq üçün iclaslarında davamlı iştirak etməklə qondarma etnik qrupuna üzv olmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları ilə 6 il həbs cəzasına məhkum edilmişdi. Apellyasiya Çəhkəməsi 6 illik həbs cəzasını 2 ilə endirib.
İran həbsxanalarında siyasi məhbuslar təhlükəsizlik məhbusları adı altında digər narkotik və cinayət suçundan mühakimə olunmuş məhbuslarla eyni bölmələrdə saxlanılır.
VOA