Ərdəbildəki Qarabağa dəstək mitinqində tutulan fəallara qarşı şallaq cəzası qüvvədə saxlanılıb
“Qarabağın Qurtuluşuna Dəstək” mitinqlərində saxlanılan 12 mədəni fəala verilən şallaq hökmü Ərdəbil əyalətinin Apellyasiya Məhkəməsinin 10-cu şöbəsində qüvvədə saxlanılıb.
Hakim Sasan Balaxaninin sədrliyi ilə keçirilən məhkəmədə, Hüseyn Balaxani İsalı, Mustafa Pərvin Cuda, Mürtəza Pərvin Cuda, Hamid Heydəri Barıs, Məhəmməd Colani Ocaq, Pərviz Siyabi Gürcan, Sübhan Bəxşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu, Müctəba Pərvin Cuda, Əsgər Əkbərzadə Xızrabadi və Səccad Colani Ocağa qarşı şallaq hökmü qüvvədə saxlanılıb.
Çıxarılam qərarda kifayət qədər sübut olmadığından onlar “xidməti vəzifəsini yerinə yetirən polis məmurlarının qanuni əmrlərinə tabe olmamaq” ittihamından bəraət alıblar.
Bundan başqa, fəallara qarşı “ictimai asayişi pozmaq” ittihamı ilə çıxarılmış 7 ay 16 gün həbs cəzası 3 aya endirilib. Amma hər birinə 76 şallaq zərbəsi vurulması ilə bağlı hökm qüvvədə saxlanılıb. Bu hökmlə həm də fəallara qarşı çıxarılmış həm həbs, həm də şallaq cəzalarının icrası 1 il müddətinə təxirə salınıb.
2020-ci il iyul ayında, Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi qarşıdurmanın (ikinci Qarabağ savaşı) başladıqdan sonra və İrandakı mədəni fəallar və Azərbaycan partiyaları tərəfindən çağırışların verilməsindən sonra, İranın, Dağlıq Qarabağ savaşındakı siyasətinə qarşı ən az üç dəfə Tehran, Təbriz, Urmiyə, Zəncan, Ərdəbil və Türklərin yaşadığı digər bəzi şəhərlər də daxil olmaqla müxtəlif şəhərlərdə mitinqlər keçirildi. Mitinqlər zamanı ən azı 182 Azərbaycanlı siyasi, mədəni və tələbə fəal nəzarətə alındı.
Ərdəbilin Ciral Parkında keçirilən etiraz aksiyasında saxlanılanlar, bir aydan çox təcridxanada qaldıqdan sonra, hər biri 300 milyon Tümən girov qarşılığında 29 Oktyabr 2020-ci il tarixində Ərdəbil Həbsxanasının (Şam Əsbi) müvəqqəti saxlama təcridxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxıldılar.