Ərdəbildə kəşfiyyat idarəsi mədəni fəallara basqıları şiddətləndirib
Keçən bir neçə ay ərzində onlarla türk fəal, naşir, sənətçi və ictimai xadimin İranın kəşfiyyat nazirliyinin Ərdəbil idarəsinə çağırılaraq sorğu-sual edildiyi bildirilir.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin məlumatına görə, son aylarda Ərdəbildə ən azı 30 fəal təhlükəsizlik qurumlarının basqı və təhdidlərinə məruz qalıb.
Son vaxtlar Ərdəbildə təhlükəsizlik qüvvələrinin basqılarına məruz qalan mədəni fəallardan Əli Xeyrcu, Şapur Nüsrətpur, Muctaba Pərvin, Rəhim Qulami, Mehdi Huşmənd, Həbib Nigəhban, Həmid Ədib Şəfiq, İsa Əzizi, Nəsrullah Vəlizadə, Afşar Muhib, Sədullah Dünyəvi, Fərşid Piçqanlı, Hüseyn Həsənnejad, İbrahim Təhmasibnejad, Vəhid Bəndə Əmir, Mehdi Hamid Sultani, Möhsin İsmaili və Möhsin Möhsinzadənin adı hüquq müdafiəçiləri tərəfindən yayılıb.
Ərdəbildən Amerikanın Səsinə məlumat verən hüquq müdafiəçiləri bildirib ki, “kəşfiyyat qüvvələri adı keçən bəzi fəalların iş yerinə gedərək narahatçılığa səbəb olublar. Fəalların bir çoxu kəşfiyyat idarəsinin informasiya qərargahında saatlarla dindirilib. Bəzi fəalların ailə üzvlərinə kəşfiyyat qurumundan təhdid telefonları gəlib.”
Son vaxtlar İranın Kəşfiyyat Nazirliyinə mənsub qüvvələrin İran Azərbaycanının digər bölgələrində də məhkəmə qərarı göstərmədən türk fəalları saxlayıb və qısamüddətli qaydada sorğu-sual etmələri normal hal alıb.