Ərdəbildə bir vətəndaşın “qara kif” xəstəliyinə yoluxduğu güman edilir
Ərdəbildə bir vətəndaşın “Qara kif” adı ilə tanınan Mukormikoz xəstəliyinə tutulduğu güman edilir.
Avqustun 26-da daha öncə koronavirusa yoluxan bir şəxs “Qara kif” xəstəliyi şübhəsi ilə Ərdəbil xəstəxanasına yatırılıb.
Tasnim xəbər agentliyinə danışan Ərdəbil tibb elmlər universitetinin direktor müavini Həsən Əsgəri deyib ki, şübhəli şəxs xəstəxanaya yatırılandan sonra onun üzərində lazımi tədbirlər görülüb və önümüzdəki günlərdə onun laboratoriya testlərinin nəticələri gələndən sonra həmin şəxsin “qara kif”ə yoluxub-yoluxmadığı müəyyən ediləcək.
Əsgəri bildirib ki, “Qara kif” yoluxucu bir xəstəlik deyil və daha çox diabet xəstələri və immun sistemi zəif olan şəxslərdə görülür. Əsgəri bildirib ki, koronavirusa yoluxan şəxslərdə immunitet zəiflədiyi üçün bu xəstəliyə yoluxma ehtimalı artır.
Ərdəbil Tibb Elmlər Universitetinin direktor müavini deyib ki, koronaya yoluxub evdə müalicə olunan şəkərli diabet xəstələrinin bu “qara kif” yoluxma ehtimalı var. Bu səbəbdən də nadir rast gəlinən “qara kif” xəstəliyinin əsas əlaməti olan yaraların qəfil və sürətli yayılması halında bu xəstələrin dərhal xəstəxanaya müraciət etmələri zəruridir.
İran rəsmilərinin verdiyi məlumata əsasən, Ərdəbildən öncə İranın daha 3 vilayətində koronavirusa yoluxanlar arasında “qara kif” xəstəliyi təsbit edilib. “Qara kif” hallarının aşkar edildiyi vilayətlər arasında Tehran, Mazəndəran və Rəzəvi Xorasan olub. Bu xəstəlik ölkə boyu get-gedə çoxalır və son məlumata görə, artıq 6 vilayətdə “qara kif” halları müşahidə edilib ki, bunlara Gilan, Xuzistan, Ərdəbil, Mərkəzi, Gülüstan və Tehran vilayətləri daxildir.
Ötən günlərdə Tehranın İmam Xomeyni Xəstəxanasının Yoluxucu Xəstəliklər üzrə mütəxəssisi Məhəmməd Rza Salehi İran televiziyasına verdiyi müsahibədə İranda pandemiyanın 5-ci dalğasında virusa yoluxan bir çox şəxsdə “qara kif” xəstəliyinin təsbit edildiyini bildirmişdi. O, İranda bu xəstəliyin dərmanının kifayət qədər mövcud olmaması səbəbilə yoluxanların vəfat etdiyini və ya görmə qabiliyyətlərini itirdiklərini qeyd etmişdi.
İSNA xəbər agentliyinin yaydığı xəbərə əsasən, İranda “qara kif xəstəliyi”nə tutulan şəxslərin sayının artması ilə qara bazarda bu xəstəlik üçün nəzərdə tutulan dərmanlar satılmağa başlayıb. Nəticədə bir həftədən az müddətdə İranda dərmanların qara bazarı kimi tanınan Tehranın “Nasir Xosrov” küçəsində bu dərmanın qiyməti 300 min tüməndən 4 milyon tümənə yüksəlib.
İranın Qida və Dərman İdarəsinin rəsmiləri ölkədə bu dərmanın inventarının son iki həftədə sıfır olduğunu təsdiqləyib.
VOA