Ərdəbildə bir neçə türk fəal məhkəməyə çağırılıb
Keçən həftə Qərbi Azərbaycan vilayətində bir neçə türk fəalın məhkəməyə çağırılması ardından Ərdəbil İnqilab Məhkməsi də “ölkənin təhlükəsizliyini pozmaq”-da günahlandırdığı bir neçə fəala çağırış vərəqəsi göndərib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumat və çağırış vəqərəqələrinin surətinə istinadən, azı üç türk fəal Ərdəbil İnqilab Məhkəməsinin 2-ci şöbəsin’ çağırılıb.
Milli fəallar Əsgər Əkbərzadə, Əli Vasiqi və Rəhim Qulami yanvarın 23-də məhkəməyə müraciət etməlidirlər.
Çağırış vərəqəsində yazılanlara əsasən, onlar “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etmək” ittihamı ilə mühakimə ediləcəklər.
Qərbi Azərbaycan vilayətində də daha əvvəl 3 milli fəal məhkəməyə çağırılıb.
Ulduz (Mədinə) Qasımi, Əli Səttari və Cavad Əhmədidən Urmiyənin cənubunda yerləşən Sulduz (Nəğədə) məhkəməsinə müraciət etmələri istənilib.
VOA