Ərdəbildə Azərbaycana dəstək mitinqləri ilə əlaqədar mühakimə edilən 2 fəala bəraət qazandırılıb
Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərində “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə edilən türk fəallar Aydın Zakiri və Vəhid Xavəndi haqqında bəraət qərarı çıxarılıb.
Zakiri və Xavəndi 2020-ci ilin oktyabr ayında İran Azərbaycanında keçirilən Azərbaycan Respublikasına dəstək aksiyaları ilə əlaqədar nəzarət altına alınıb, bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdılar.
İki fəal daha sonra Meşkinşəhr cəza məhkəməsinə çağırılaraq “ümumi intizamı pozmaq” ittihamı ilə mühakimə edilib.
Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədinə istinadən, fəallara “dəlil yetərsizliyindən” bəraət qazandırılıb.
Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylar ərzində mühakimə edilən bir sıra vətəndaş haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarılarkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə mühakimə prosesinin bitməsini gözləyir.
voa