Ərdəbildə 300 evsiz uşaq işçi olduğu təsdiq edilib
Ərdəbil vilayətinin Rifah Təşkilatının baş direktoru Behzad Səttari mətbuata bu haqda məlumat verərək küçədə yaşayan 300 uşaq işçisinin müəyyən olunduğunu qeyd edib.
Bu uşaqların bəzi əlaqədar mərkəzlərə və ya qurumlara yönləndirildikləri bildirilib.
Rəsminin dediyinə görə, bu uşaqların ailələrinin əksəriyyətinin üzləşdiyi problemlərin çoxu iqtisadi əziyyət və məlumatsızlıqdan qaynaqlanır.
İran İslam Respublikasında uşaq işçilərin sayı ilə əlaqədar dəqiq məlumat yoxdur.
Uşaq işçilər ictimai problemi İranın böyük şəhərlərində, o cümlədən Tehranda uzun illər əvvəldən mövcud olsa da, İran Azərbaycanı şəhərlərində bu məsələ son illər ərzində sürətlə genişləndiyi müşahidə edilir.
İnkişaf etməkdə olan ölkələrdə yoxsulluq, inflyasiya, mühacirət, ailələrin narkotik asılılığı və ailərin dağılması kimi amillər uşaq işçilər sosial problemin əsas səbəbləri kimi sayılır. Uşaq işçiləri sayının artması cəmiyyətdə başqa problemlərin də baş verməsinə şərait yaradır.
İranın İSNA xəbər agentliyində dərc olunan bir araşdırmanın nəticələrinə görə,Tehranda işləyən uşaqların 77 faizdən çoxu iş yerində zorakılığa məruz qalıb.
Uşaqların geniş fəaliyyət növlərinə həqiqi və saxta əmək, qeyri-peşəkar əmək, dilənçilik, aşağı qiymətli malların satışı və bunlar kimi digər işlər daxildir.
Ötən ilin iyununda UNICEF təşkilatı əməyi istismar olunan uşaqların sayının dünya üzrə 160 milyona yüksəldiyi barədə məlumat yaymışdı. UNICEF-in rəsmi saytında dərc olunan hesabata görə, son dörd ildə uşaq işçilərin sayı 8,4 milyon artıb. Bu isə dünyada 2000-2016 illəri arasında uşaq əməyinin statistikasında azalma tendensiyasının əks istiqamətə yönəldiyini göstərir.