Ərdəbil vilayətində türk adlar ailələrin övladlarına ən çox seçdiyi adlar sırasında yer alıb
Ərdəbil vilayətinin Qeydiyyat İdarəsinin baş direktoru Şəhram Rəsuli Ərdəbil vilayətində azərbaycanlı ailələrin uşaqları üçün seçdikləri ən popular adları açıqlayıb. Rəsminin açıqladığı populyar adlar arasında türk adların olması diqqət çəkib.
Bu barədə Mehr xəbər agentliyində məlumat dərc edilib.
Ərdəbil rəsmisinin sözlərinə görə, Araz, Ayhan, Orhan, Əlisan, Elvin, Mahlin kimi adlar vilayətdə ailələrin övladlarına qeydiyyatdan keçirdikləri populyar adlar sırasındadır.
Rəsmi həmin türk adlarla yanaşı, Canan, Nəfəs, Nura, Ava və Əmirəli kimi adların da populyar adlar arasında olduğunu bildirib.
Ərdəbil Qeydiyyat İdarəsinin müdiri onu da bildirib ki, ailələr üçün uşaq adlarının qeydiyyata alınmasında “heç bir məhdudiyyət yoxdur” və yalnız “əcnəbi adların” qeydiyyata alınmasına icazə verilmir.
Rəsminin açıqlamalarına baxmayaraq, zaman-zaman İran Azərbaycanında valideynlərin övladları üçün türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilmədikləri haqda məlumatlar yayımlanır. Bu azərbaycanlı uşaqların bəziləri aylarla, hətta illərlə şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün bir çox sosial xidmətlərdən məhrum qalırlar.
Övladı üçün türkcə ad ilə şəxsiyyət vəsiqəsi istəyən valideynlərin tələbi qəbul edilmədiyi təqdirdə, onlar uzun inzibati prosedurlardan keçərək, nəhayət məhkəməyə şikayət etməli olurlar. Əgər məhkəmə ailənin xeyrinə hökm çıxarsa, onlar məhkəmənin qərarı ilə övladlarına şəxsiyyət vəsiqəsi ala bilərlər. Bəzi hallarda isə məhkəmələrdə, Qeydiyyat İdarəsinin lehinə qərar çıxarılır və ailələr başqa ad seçmədiyincə uşaq şəxsiyyət vəsiqəsindən və dolayısıyla sosial xidmətlərdən məhrum qalır.
İranın qeydiyyat idarəsi təsdiq edilmiş adlar siyahısı nəşr edib və ailələrdən övladları üçün bu siyahıda qeyd olunan adlardan birini seçməyi təklif edir. Bəzi milli fəallar hesab edir ki, qeydiyyat idarəsinin təsdiq etdiyi bu adlar siyahısında qeyri-iranlı adların olmasına baxmayaraq, bəzi türk adları əcnəbi ad olması bəhanəsi ilə rədd edilir.
Daha əvvəl İctimai Mədəniyyət Şurasının katibi Məcid İmami İran televiziyasında bir verilişində ölkədə son illərdə “qeyri-iranlı və qeyri-islami” adların çoxaldığını bildirərək, bu adların çoxunun “qırğız və monqol” adlar olduğunu demişdi.