Ərdəbil və Həmədanda təqaüdçü müəllimlər piket keçirib
İranın müxtəlif bölgələrində təqaüdçülərin məişət şəraitinə etirazları davam edir. Bazar ertəsi günü təqaüdçü müəllimlər Ərdəbil, Həmədan və Tehran daxil olmaqla ölkənin bir neçə şəhərində piket keçiriblər.
Sosial şəbəkələrdə paylaşılan xəbərlər və görüntülərə istinadən, İranın təhsil nazirliyindən təqaüdçü olan müəllimlər və işçilər bərbad məişət şəraitinə etiraz bildirib və pensiyaların artırılmasını tələb edirlər.
Telegram kanallarında yayılan görüntülərdə piket keçirənlərin əllərində plakatlar nümayiş etdirdiyi görünür. Plakatların üzərində “çalışan və təqaüdçü müəllimlərin haqqı yoxsulluq həddinin üzərində olan bir maaş olmalıdır” və “müəllimin yeri həbsxana deyil, məhbus müəllimləri sərbəst buraxın!” kimi şüarlar yazılıb.
“İran İşçilərinin Azad Birliyi”-nin Telegram kanalında yazılanlara görə mitinqə qatılan müəllimlər həmçinin maaşların tənzimlənmə layihəsinin tətbiq edilməsini tələb edirlər.