Ərdəbil televiziyasının keçmiş aprıcısı həbs cəzasını evində ayağında elektron qandalla keçirir
Hüquq müdafiəçiləri Ərdəbil radio-televiziyası və Səhər telekanalının keçmiş aparıcısı Əziz Cabbarinin hazırda ayağında elektron qandalla həbs cəzasını çəkdiyini bildiriblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, o, təqribən bir ay əvvəl ayağında elektron qandalla Ərdəbil həbsxanasından azad edilib.
Əziz Cabbari 2019-cu ilin noyabr ayından keçən iyul ayına qədər Ərdəbil həbsxanasında saxlanıb amma bu müddət ərzində mediada onun barəsində heç bir xəbər yayılmayıb.
İranWire saytı Cabbarinin yaxınlarından birinə istinadən onun İnstagramda yayımladığı söhbət videoları üzündən həbsə məhkum olduğunu bildirib. Saytın yazdığına görə, Cabbari “dini müqəddəsləri aşağılamaq” və “nizama qarşı təbliğat” ittihamları ilə mühakimə edilib.
Cabbari İnsatgram sosial şəbəkəsində Sazlı Səs adlı bir səhifədə öz söhbət videolarını yükləyib. O, bu videoların bəzilərində siyasi mövzular ilə yanaşı İslam Respublikası rəsmilərinin dini mövzulara dair görüşlərini tənqid edir.
HRA agentliyinin yazdığına görə, “Əziz Cabbari 60 yaşındadır. O, həbs cəzasının qalan hissəsini Ərdəbil şəhərinin 2-ci bölgəsindən çıxmamaq şərti ilə həbsxanadan kənarda keçirəcək.”