Ərdəbil məhkəməsi Rza Seyyid Nurinin bəraət hökmünü ləğv edib
Ərdəbil vilayətinin apellyasiya məhkəməsi Parsabad Cəza Məhkəməsinin milli fəal Rza Seyyid Nuri haqqında çıxardığı bəraət qərarını ləğv edib. Yeni hökmə görə, Seyyid Nuri 3 ay həbs cəzasının əvəzinə 18 milyon rial cərimə cəzasına məhkum edilib.
Türk fəal keçən ilin oktyabr ayında Ərdəbil vilayətinin Muğan bölgəsində Azərbaycana dəstək aksiyaları ilə əlaqədar nəzarət altına alınıb, bir gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
O, daha sonra “İslam Respublikasının banisini (Ruhullah Xomeyni) aşağılamaq”, “İranın dini liderini (Seyyid Əli Xameneyi) aşağılamaq”, habelə “nizama qarşı təbliğat” ittihamları ilə mühakimə edilib, fəqət keçən yanvar ayında bütün ittihamlardan bəraət qazanmışdı. Parsabad şəhərinin ümumi və inqilab prokurorluğu isə Ərdəbil vilayətinin apellyasiya məhkəməsinə müraciət edərək bəraət qərarına etiraz etmişdi.
Amerikanın Səsinin surətini əldə etdiyi yeni hökmə istinadən, məhkəmə “İslam Respublikasının banisini aşağılamaq” və “İranın dini liderini aşağılamaq” ittihamları ilə əlaqədar bəraət hökmünü qüvvədə saxlayıb. Lakin “rejimə qarşı təbliğat” ittihamından bəraət qərarını ləğv edərək, Rza Seyyid Nurini 3 ay həbs cəzasının əvəzi olaraq 18 milyon rial cərimə cəzasına məhkum edib.
Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylarda mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs və şallaq kimi cəza çıxarılıb, eyni zamanda isə bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox şəxs isə məhkəməyə çağırış gözləyir.
VOA