Ərdəbil məhkəməsi Meysəm Colaninin həbs cəzasını 6 aydan 13 aya artırıb
Türk fəal Meysəm Colani daha əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmənin çıxardığı 6 ay həbs və 74 şallaq hökmünə etiraz etmişdi. Fəalın etirazı qəbul olunub, məhkəmə iclası yenidən təşkil edildi, lakin Ərdəbil məhkəməsi həbs hökmünü 6 aydan 13 aya artırdı.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Ərdəbil Cəza Məhkəməsinin 102-ci şöbəsinin çıxardığı yeni hökmə görə, siyasi fəal “ümumi intizamı pozmaq” ittihamı ilə 13 ay həbs və 74 şallaq cəzasına məhkum edilib.
Yeni hökmün surəti sosial media və HRA agentliyinin veb səhifəsində yayılıb.
Meysəm Colani 2019-cu ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar tutulmuşdu. O, bir müddət nəzarət altında qaldıqdan sonra mülki zəmanət qarşılığında sərbəst buraxıldı.
Son vaxtlar İran Azərbaycanında şallaq və ya ağır həbs cəzalarına məhkum edilən fəalların bir sırası qiyabi olaraq mühakimə edilib. O cümlədən, Siyamək Mirzayi Cənubi Xorasan vilayətində sürgündə yaşadığı üçün Tehranda keçirilən məhkəmə iclasına, Əli Əzizi isə Təbrizdə həbsdə olduğu üçün Urmiyədəki məhkəmə iclasına qatıla bilməyib.VOA