Ərdəbil Həbsxanasında saxlanılan Əfşar Muhib aclıq aksiyasını dayandırıb
Ərdəbil Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirən güneyli siyasi məhbus Əfşar Mühib aclıq aksiyasını dayandırıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.
Əfşar Mühib yanvarın 5-də rəsmilərin verdiyi vədlər səbəbilə aclıq aksiyasına son verib. O, yanvarın 2-də məhkəmə müstəntiqinin onun müvəqqəti azadlığa buraxılması tələbinə etiraz etdiyi üçün aclıq aksiyasına başlamışdı.
Ərdəbil Həbsxanasının rəisi Əfşar Mühibə girov müqabilində müvəqqəti azadlıq tələbinin mümkün olacağı barədə vəd verib.
Güneyli milli fəal Əfşar Muhib dekabrın 22-də Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinə çağırılmışdı.
Mühib məhkəməyə müraciət etdiyi zaman, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham olunub və oradan Ərdəbil Həbsxanasına köçürülüb.
Ərdəbil şəhərində yaşayan Əfşar Mühib, ötən ilin yanvar ayının 24-də kəşfiyyat agentləri tərəfindən həbs edilib və nəzarət altına alınmışdı.
Mühib, indiyədək dəfələrlə apardığı mədəni fəaliyyətlərdən dolayı İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələrində fərqli ittihamlarla mühakimə olunub.